DənizXəbərlər

“Roketsan”ın torpedo və raketləri DENİZKURDU-II 2026 təlimində istifadə olunub

“Roketsan” şirkəti tərəfindən istehsal edilən torpedo və raketlər Türkiyədə keçirilən DENİZKURDU-II 2026 təlimində istifadə olunub.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, təlimdə istifadə edilən ATMACA gəmi əleyhinə raketi, TEMREN uzunmənzilli tank əleyhinə raketi və AKYA ağır torpedosu ilə hədəflər dəqiq şəkildə vurulub.

“Roketsan”ın milli olaraq hazırladığı ATMACA, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket aşağı radar izinə, yüksək dəqiqliyə, hədəfləri yeniləyə bilmə imkanına, yenidən hücum və tapşırığın ləğvi qabiliyyətlərinə, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək bacarığına sahibdir.

Səsdən sürətli ATMACA raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800-5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır. ATMACA-nın Türkiyə HDQ-nin invertarındakı 140 km atış mənzilinə sahib “Harpoon” raketlərini əvəz etməsi planlaşıdırılıb.

Şirkətin TEMREN uzunmənzilli tank əleyhinə raketi “Seahawk” helikopterlərinə inteqrasiya olunmaq və G/M (güdümlü mühimmat) tədarükü layihəsi çərçivəsində hazırlanıb. Raketin mənzili 8 km, uzunluğu 1.8 m, çəkisi 37.5 kq, diametri isə 160 mm-dir. Görüntüləyici və infraqırmızı axtarıcı başlıq ilə təchiz olunan bu raket, yarı-aktiv lazer axtarıcı başlıqdan da istifadə edir.

Həm hərəkətli, həm də sabit quru və suüstü hədəflərə qarşı istifadə edilə bilən TEMREN, müxtəlif platformalarda istifadə üçün nəzərdə tutulub. Bunların sırasına pilotsuz uçuş aparatları, suüstü insansız dəniz aparatları (İDA), hərbi gəmilər, sabit və fırlanan qanadlı aviasiya vasitələri, təkərli və tırtıllı quru platformaları daxildir.

AKYA ağır torpedosu Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyacları çərçivəsində “Roketsan” tərəfindən milli və yerli imkanlarla hazırlanıb. Ağır torpedo 2022-cü ilin yanvar ayında Türkiyə HDQ-nin inventarına daxil edilib. Sualtı qayıq və suüstü gəmilərin məhv edilməsi üçün təyin olunan 533 mm-lik AKYA, 50 kilometrdən artıq mənzilə və 45 knotdan çox sürətə malikdir.

Back to top button