
Rumıniya hökuməti Fransanın Silahlandırma Baş İdarəsi ilə 12 ədəd “Airbus” H225M çoxməqsədli helikopterinin tədarükünə dair müqavilə imzalayıb.
“Poliqon” “Airbus” şirkətinə istinadən xəbər verir ki, müqavilə Avropa İttifaqının SAFE proqramı çərçivəsində bağlanıb.
Rumıniya Hərbi Hava Qüvvələri hazırda IAR-330 “Puma” helikopterlərindən istifadə edir. Bu helikopterlər “Aerospatiale” şirkətinin lisenziyası əsasında Rumıniyada istehsal olunub. Yeni alınacaq 12 ədəd H225M həm adi, həm də xüsusi əməliyyatlar üçün “Puma” parkının mərhələli şəkildə əvəzlənməsinə başlanğıc verəcək.
H225M dünyanın müxtəlif bölgələrində döyüş şəraitində və böhran zonalarında etibarlılığını və davamlılığını sübut etmiş çoxməqsədli helikopterdir. Hazırda dünyada 350-dən çox H225 və H225M helikopteri istismardadır və onların ümumi uçuş müddəti 1 milyon saatı keçib.





