Rumıniya İsraildən “Dəmir Günbəz” sistemini almaq imkanını nəzərdən keçirir

Rumıniya İsraildən “Dəmir Günbəz” sistemini almaq imkanını nəzərdən keçirir

Rumıniya İsraillə hərbi əməkdaşlığı genişləndirmək – mövcud müqavilələri dəstəkləmək və yeni müqavilələr bağlamaq istəyir.

“Poliqon” “Haaretz”ə istinadən xəbər verir ki, bunlar arasında “Dəmir Günbəz” (“Iron Dome”) raket əleyhinə müdafiə (RƏM) sisteminin alınması da yer tutur.

Məlumatda bildirilib ki, bu, Rumıniyanın müdafiə naziri Vasile Dınkunın ötən həftə İsrailə səfəri zamanı müzakirə olunub.

Əgər “Dəmir Günbəz” sisteminin alınması ilə bağlı razılaşma əldə olunarsa, o zaman Rumıniya belə bir sistemi alan ilk NATO ölkəsi olacaq. Lakin, ABŞ-ın razılığı olmadan İsrail bu silahları təkbaşına sata bilməyəcək. Bu da ondan irəli gəlir ki, sistemin inkişafına İsrail 232 milyon ABŞ dolları, ABŞ isə bundan dörd dəfə çox sərmayə qoyub. Raketlərin istehsalı İsrailin “Rafael Advanced Defense Systems” və ABŞ-ın “Raytheon” şirkətinin birgə layihəsidir.

Eyni zamanda, nəşrin mənbələri təsdiq edir ki, “Dəmir Günbəz” sisteminin Rumıniyaya satılması ehtimalı kifayət qədərdir.

Vasile Dınku müsahibəsində İsraillə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıqlarını təkmilləşdirmək istədiklərini vurğulayıb.

O, həmçinin qeyd edib ki, Rumıniya köhnəlmiş müdafiə sənayesi kompleksinin əksinə olaraq İsrail texnologiyalarından və innovasiyalarından istifadə etmək istəyir. Dınku vurğulayıb ki, İsrail öz inkişaflarını ixrac etməyə çalışır və ayrı-ayrı istehsalatların lokallaşdırılmasında maraqlıdır.

Bununla belə, Dınku “Dəmir Günbəz” sisteminin alınması ilə bağlı birbaşa suala cavab verməyib.

Son 25 ildə İsrail artıq Rumıniyaya 1 milyard ABŞ dolları dəyərində silah satıb.

“İndi “Elbit” və “Rafael” də daxil olmaqla İsrail şirkətləri ilə səkkiz alış müqaviləmiz var”, – deyə Vasile Dınku qeyd edib.

Bildirilib ki, Bu razılaşmaların nəticəsi Rumıniyada 800 nəfərin çalışdığı dörd zavodun tikintisi olmuşdur. Onlar dronlar, qüllələr və elektron avadanlıqlar üçün hissələr hazırlayırlar.

Xatırladaq ki, “Dəmir Günbəz” 4 – 70 kilometr uçuş mənzilli idarə olunmayan taktiki raketlərdən qorunmaq üçün nəzərdə tutulmuş taktiki raket əleyhinə müdafiə sistemidir. İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanıb. Hər bir batareya 150 kvadrat kilometr ərazini qoruya bilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES