
Rumıniya “Patriot” ZRK üçün “SkyCeptor” raketləri istehsal edəcək
Rumıniyada “Patriot” zenit-raket kompleksi (ZRK) üçün “SkyCeptor” tutucu raketləri istehsal olunacaq.
Bu barədə “Poliqon” Rumıniya İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Rumıniyanın dövlət hərbi texnika təchizatçısı “Romarm” və onun törəmə “Electromekanica Ploiesti” şirkəti ABŞ-ın “Raytheon Missiles & Defence” şirkəti ilə memorandum imzalayıb.
Raketlər Ployeştidəki “Romarm” zavodunda istehsal olunacaq, daxili və xarici bazarlara çıxarılacaq.
İdarə olunan “Stunner” raketinin bir variantı olan yüksək texnologiyalı “SkyCeptor” raketi qısa və orta mənzilli ballistik və qanadlı raketlərin, eləcə də digər qabaqcıl təhlükələrin məhv edilməsi üçün təyin edilib. “SkyCeptor” raketinin qiyməti digər tutucu raketlərdən dəfələrlə azdır.
Rumıniya müdafiə naziri Vasile Dinku imza tədbirində bildirib ki, Rumıniyanın müdafiə sənayesi canlanmaq və milli iqtisadiyyatın mühüm hissəsinə çevrilmək üçün bütün imkan və resurslara malikdir.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında Rumıniyada ölkəyə ABŞ-dan gətirilən ilk “Patriot” PAC-3+ zenit-raket kompleksi batareyasının qəbul mərasimi keçirilib.
2017-ci ildə Rumıniya ABŞ-la Xarici Hərbi Satış (Foreign Military Sales – FMS) proqramı çərçivəsində 7 ədəd “Patriot” PAC-3+ ZRK batareyası almaq barədə müqavilə imzalayıb. 7 ədəd “Patriot” PAC-3+ batareyasından 4 ədədi Rumıniya Hərbi Hava Qüvvələri, 3 ədədi isə Rumıniya Quru Qoşunları üçündür.
Bundan başqa, 2021-ci ilin mayında məlum olub ki, Rumıniya “Raytheon Missiles & Defence” şirkətindən “Patriot” zenit-raket kompleksinin ən son versiyasını alacaq (həmçinin bax: Rumıniya “Patriot” ZRK-nin son versiyasını alır).
Əhəd Əzizov