
Rusiya istehsalı yeni Su-30SM2 qırıcıları Belarusa çatdırılıb
Rusiya istehsalı yeni Su-30SM2 qırıcıları Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına çatdırılıb.
Bu barədə “Poliqon” Belarus Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor Andrey Lukyanoviç bildirib ki, hazırda hərbi və xüsusi texnikanın mərhələli və planlı şəkildə modernləşdirilməsi, yenilənməsi prosesi gedir.
“Bu gün bizə ən müasir, yüksək manevr qabiliyyətinə malik, çoxfunksiyalı Su-30SM2 qırıcıları çatdırılıb. Bu aviasiya texnikasında bir çox yeniliklər mövcuddur. İlk növbədə, hava, quru və dəniz hədəflərinə qarşı döyüş tətbiqi imkanları əhəmiyyətli dərəcədə artırılıb. Müasir aviasiya silah sistemlərinin inteqrasiyası və bort radiolokasiya stansiyasının modernləşdirilməsi sayəsində texniki xüsusiyyətlər xeyli təkmilləşdirilib. Radioelektron mübarizə vasitələri və maneələrə qarşı müdafiə imkanları yaxşılaşdırılıb”, – deyə general-mayor A.Lukyanoviç vurğulayıb.
Onun sözlərinə görə, bu il Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları daha bir Su-30SM2 partiyası təhvil alacaq. Eyni zamanda, bu həftə ərzində Belarus yeni Mi-35M helikopterləri də əldə edəcək.