Rusiya Krımda “Voronej-M” radiolokasiya stansiyası inşa edir

Rusiya Krımda “Voronej-M” radiolokasiya stansiyası inşa edir

Yaxın vaxtlarda Krımda yeni “Voronej-M” radiolokasiya stansiyasının inşasına başlanacaq, stansiya üçün sənədlər yoxlamadan keçirilib və təsdiqlənib.

“Poliqon”un “İnterfaks” Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə raket hücumunun erkən xəbərdarlıq sisteminin yaradıcısı olan “Vımpel” Dövlətlərarası Korporsiya” Publik Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat verib.

Bildirildiyi kimi, stansiyanın özülünün qoyulmasına yaxın vaxtlarda başlanılacaq, inşaat işlərinin başlanacağı dəqiq tarixlər isə açıqlanmır. Mövcud məlumatlara görə, RLS-in sıraya daxil edilməsi 2024-cü ilə planlaşdırılır. Beləliklə, Rusiya cənub istiqamətini əhatə etməklə öz ərazisini tamamilə əhatə edən radiolokasiya sahəsini genişləndirəcək. Yeni stansiya raket hücumu erkən xəbərdaretmə sisteminin tərkibinə daxil olacaq.

Stansiyanın tikintisi üçün yer əvvəlcədən müəyyənləşdirilmişdir. Plana əsasən, yeni “Voronej-M” stansiyası Sevastopol yaxınlığındakı köhnə “Dnepr” radiolokasiya stansiyasının yerində inşa ediləcəkdir. Yeni RLS texniki imkanlarına görə köhnəsindən xeyli dərəcədə üstündür, 4200 kilometrə qədər məsafədə müşahidə aparmaq üçün təyin edilib.

Rusiya Müdafiə Nazirliyi yeni stansiyanın yerini 2017-ci ildə RLS-in gələcək yerləşdirilməsinin yerini müəyyənləşdirmək üçün iş aparıldıqdan sonra elan etmişdir. Müxtəlif təkliflərə baxmayaraq, SSRİ-nin dağılmasından sonra Ukraynaya keçən və istifadə edilməməsi səbəbindən yararsız hala düşən köhnə “Dnepr” radiolokasiya stansiyasının yerində yeni stansiya tikilməsinə qərar verilmişdir.

“Voronej-M” radiolokasiya stansiyası, ballistik və qanadlı raketləri və digər aerodinamik obyektləri aşkarlamaq və izləmək üçün təyin edilmiş erkən xəbərdarlıq radiolokasiya stansiyasıdır. “Voronej” tipli radiolokasiya stansiyalarının xüsusiyyəti onların yüksək zavod hazırlığındadır. 5 ildən 9 ilədək müddətə inşa edilən köhnə tipli stansiyalardan fərqli olaraq, “Voronej-M” radiolokasiya stansiyanın açar təsliminə hazırlanması 18-24 aydan çox çəkmir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS