Xəbərlər

Rusiya Ordusu “Vixr-1” raketlərini silahlanmaya qəbul edib 

“Kalaşnikov” konserni 9M127-1 “Vixr-1” tank əleyhinə idarə olunan raketləri Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Bu barədə “Poliqon”a “Kalaşnikov” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinə təhvil verilməzdən əvvəl raketlərin bütün partiyası nəzarət-uçuş sınaqlarından uğurla keçmişdir.

Səsdən iti sürətli “Vixr-1” idarə olunan raketi hələ keçmiş SSRİ Silahlı Qüvvələrinin silahlanmasına 1990-cı ildə qəbul edilib. Lakin seriyalı istehsal olunmamışdır. Raketin seriyalı istehsalına 2014-cü ildə istehsalçı müəssisə ilə Rusiya Müdafiə Nazirliyi arasında bağlanmış müqavilə əsasında başlanılıb.

Raket universaldır, həm zirehli texnikaları, həm də saatda 800 km-dən çox olmayan sürətlə hərəkət edən hava hədəflərini, suüstü vəziyyətdə olan gəmiləri və hətta sualtı qayıqları məhv edə bilir. Maksimal atış məsafəsi 8 kilometrdir.

Raket lazer şüası üzrə avtomatik idarəetmə sistemi ilə təchiz edilmişdir. Radioelektron mübarizə vasitələrindən qorunma qabiliyyəti düşmənin eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini aşmağa imkan verir.

9K121 “Vixr-1” (NATO təsnifatı üzrə AT-16 “Scallion”) tank əleyhinə raket kompleksi Su-25T və Su-39 hücum təyyarələrinin, Ka-50 və Ka-52 döyüş helikopterlərinin, həmçinin qayıqların və kiçik patrul gəmilərinin silahlandırılması üçün təyin edilib.

Kompleksin tərkibinə APU-6 və ya APU-8 buraxma qurğusu, 9M127-1 “Vixr-1” tank əleyhinə idarə olunan raket, İ-251 “Şkval” tuşlama və raketin uçuşunu idarəetmə sistemi daxildir.

Əhəd Əzizov

Back to top button