
Rusiya “Orion” PUA-ları ixrac edəcək
Rusiya döyüş pilotsuz uçuş aparatlarını (PUA) ixrac edəcək.
“Poliqon” xəbər verir ki, “Kronştadt” şirkətlər qrupunun baş direktoru Sergey Boqatikov gələn il “Orion” PUA-larının xaricə tədarükünə başlayacağını açıqlayıb.
“Kronştadt” şirkətlər qrupunun mətbuat xidməti bir neçə ölkə ilə hücum PUA-larının tədarükü barədə müqavilələr imzalandığını təsdiqləsə də alıcıları açıqlamayıb. Daha əvvəllər Rusiyanın hücum PUA-larına təxminən iyirmi ölkənin maraq göstərdiyi barədə xəbərlər yayılıb.
PUA-ların istehsalını sürətləndirməkdən ötrü “Kronştadt” şirkətlər qrupu kooperasiya müəssisələrindən bir sıra komponentlər sifariş edib. PUA-ların son yığımı isə bu ilin noyabr ayında Moskva yaxınlığındakı Dubna şəhərində açılması planlaşdırılan yeni zavodda həyata keçiriləcək.
“Orion” hücum PUA-sı MALE sinif olmaqla orta yüksəklikdə uzunmüddətli pilotsuz uçuş kompleksdir. Maksimal uçuş kütləsi 1 ton, faydalı yükün maksimal kütləsi isə 200 kq-dır. Uçuş tavanı 7,5 km-ə, standart yüklə maksimal uçuş müddəti 24 saata və maksimal sürəti isə saatda 200 km-ə qədərdir.
Əhəd Əzizov