
Rusiya “Orion” PUA-larını ixrac edəcək
Rusiya müdafiə sənayesi kompleksinin istehsalı olan “Orion” kəşfiyyat-zərbə tipli pilotsuz uçuş aparatının (PUA) kəşfiyyat versiyasının tədarükünə dair ixrac müqaviləsi imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə MAKS-2021 aviasiya şousunda jurnalistlərə açıqlamasında “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev məlumat verib.
““Orion” PUA-nın kəşfiyyat versiyasının ixracına dair müqavilə imzalanıb və hazırda zərbə versiyasının ixrac edilməsi üçün danışıqlar aparılır”, – deyə Aleksandr Mixeyev bildirib.
Qeyd edək ki, orta hündürlük və uzaq məsafə (MALE) sinifinə məxsus “Orion” PUA-nın maksimum qalxma kütləsi 1 ton və maksimal faydalı yükün kütləsi 200 kq təşkil edir. PUA-nın maksimum uçuş tavanı 7,5 km-dir. “Orion”un standart yüklə maksimum uçuş müddəti 24 saat, maksimal uçuş sürəti isə saatda 200 km-ə qədərdir.
Rizvan Fikrətoğlu