Rusiya ötən il beynəlxalq silah bazarına 15 yeni məhsul çıxarıb

Rusiya ötən il beynəlxalq silah bazarına 15 yeni məhsul çıxarıb

Rusiyanın “Rosoboronexport” şirkəti 2022-ci ildə beynəlxalq silah bazarına 15 yeni məhsul çıxarıb.

“Poliqon” xəbər verir ki, bunu “Rosoboronexport” şirkətinin baş direktoru Aleksandr Mixeyev deyib.

A.Mixeyev bildirib ki, “Rosoboronexport” yeni silah və hərbi texnika ilə qlobal bazarda Rusiya məhsullarının ixrac kataloqunu genişləndirib: “2022-ci ildə “Rosoboronexport” Rusiyada hazırlanan və istehsal olunan 15 yeni hərbi təyinatlı məhsulların xarici bazarda satışına başlayıb. Yeni məhsulların bazara çıxarılması Rusiya silahlarının rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır və ölkəmizin dünya bazarındakı mövqeyini möhkəmləndirir”.

“Rosoboronexport”un baş direktoru yeni məhsullar sırasında “Orlan-30” pilotsuz uçuş aparatının (PUA), uzaqdan idarə edilən “Ballista” döyüş modulunun, “Çukavin” snayper tüfənginin, habelə xüsusi avtomobillər, zirehli maşınlar, simulyatorlar, rabitə vasitələri, sualtı silah sistemləri və PUA əleyhinə sistemlərin yer aldığını qeyd edib.

Xüsusi Texnologiyalar Mərkəzi tərəfindən istehsal olunan “Orlan-30” pilotsuz uçuş aparatı “Orlan-10” PUA əsasında hazırlanıb və daha çox təkmilləşdirilib. Bu PUA müxtəlif obyektlərin havadan kəşfiyyatı, axtarışı, aşkarlanması və yerinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub. “Orlan-30” malik olduğu müasir sistemlərin sayəsində həm gündüz, həm də gecə saatlarında fəaliyyət göstərə bilir.

Uzaqdan idarə olunan “Ballista” döyüş modulu zirehli transportyorlarda quraşdırmaq üçün hazırlanıb. Döyüş modulu 30 mm-lik avtomatik top, 7.62 mm-lik pulemyot və iki tank əleyhinə idarə olunan raketlə təchiz edilib. Modul termal görüntü cihazı və günün istənilən vaxtında hədəfləri aşkarlamaq və tanımaq qabiliyyətinə malik lazer diapazonlu kombinə edilmiş nişangahla təchiz olunub.

Həmçinin “Ballista” ehtiyat nişangah ilə də təmin edilib ki, bu da onun döyüş qabiliyyətini xeyli dərəcədə artırır.

Bildirilib ki, 2022-ci ildə “Rosoboronexport”un ixrac kataloqunu “RB-504P-E” anti-dron sistemi tamamlayır. Sistem PUA-ları aşkarlayır, identifikasiyasını həyata keçirir və onların hansı istiqamətdə uçduqlarını müəyyənləşdirir, habelə naviqasiya və idarəetmə kanallarının elektron tıxanmasını təmin edir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş