Xəbərlər

Rusiya S-350 “Vityaz” ZRK-ləri silahlanmaya qəbul edir

Rusiya Müdafiə Nazirliyi qarşıdakı illərdə yeni “Vityaz” S-350 zenit-raket kompleksinin (ZRK) satın alınma müddətini və sayını müəyyən edib.

“AzeriDefence” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama verib.

Rusiya Silahlı Qüvvələri hər il 2027-ci ilə qədər “Vityaz” S-350 ZRK-nin ən azı iki divizion dəstini alacaq. Tədarükün nə vaxt başlayacağı açıqlanmasa da “Vityaz”ın ilk dəsti sınaqlardan sonra 2020-ci ilin fevralında Qatçinadakı Hava Hücumundan Müdafiə Qoşunlarının təlim-tədris mərkəzinə təhvil verildiyi, tezliklə döyüş növbətçiliyinə qəbul ediləcəyi bildirilib.

Müdafiə Nazirliyi bildirib ki, S-350 ZRK Rusiyanın Quru Qoşunları, Hava-Kosmik Qüvvələri və Hərbi Dəniz Qüvvələrində fəaliyyət göstərəcək. İlk “Vityaz” Abakandakı Mərkəzi Hərbi Dairənin 24-cü raket briqadasına təhvil veriləcək.

Yeni sistem analoqlarından fərqli olaraq daha yığcam və ucuz olması ilə yanaşı S-400 və S-300 zenit-raket komplekslərinin bütün imkanlarına sahibdir. S-350 ZRK mühüm əhəmiyyətli obyektlərin – qərargah, müəssisə, inzibati mərkəzlərin və s. hava hücumundan müdafiəsini təmin etmək üçün nəzərdə tutulub.

Bir kompleks 12 raketlə təchiz olunur, bir divizion 8 kompleks ilə silhalandırıla bilir. “Vityaz” S-350 zenit-raket kompleksinin heyəti 3 nəfərdir.

5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilən S-350 ZRK aerodinamik hədəfləri, təyyarələri və ya qanadlı raketləri 60 kilometrə qədər məsafədə və 10 metrdən 30 kilometrə qədər hündürlükdə, ballistik raketləri 30 km hündürlükdə məhv edə bilir.

 

Back to top button