Rusiya silah bazarını KTMT hesabına genişləndirir

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinə 500 milyon dollarlıq silah və texnika satıb.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı KTMT-nin baş katibi Nikolay Bordyuja verib. Onun sözlərinə görə, müttəfiqlər daha çox Rusiya istehsalı olan müasir silah və texnikaya üstünlük veriblər.

Sövdələşmənin təfərrüatları barədə açıqlama verməyən N. Bordyuja yalnız deyib ki, alqı-satqı prosesi silahların modernləşməsi proqramı çərçivəsində həyata keçirilib: “Alqı-satqı üzrə əlaqələndirmə prosesi hökumətlərarası hərbi-texniki komissiyalar çərçivəsində həyata keçirilir”.

Məlumat da o da qeyd olunub ki, hazırda Rusiyanın T-90 tanklarının satışı ilə əlaqədar Qazaxıstan və Azərbaycanla danışıqlara başlanılıb. Bundan başqa Rusiya MDB ölkələrinin hava hücumundan vahid müdafiə proqramı çərçivəsində müttəfiqlərinə texnikaların verilməsi prosesini də davam etdirir. Hələlik bu proqrama Belorus və Ermənistan daxil olub. Rusiya yaxın dövrlərdə digər MDB ölkələrinin də bu proqrama daxil olacağına ümid edir. Proqramın əhəmiyyəti isə silah və texnikanın bazar qiymətləri nəzərə alınmadan, maya dəyərinə əldə olunmasıdır.

Qeyd edək ki, KTMT-yə 10 MDB üzvündən 7-si daxil olub. Bunlar Rusiya, Belorus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.

KATEQORIYA: