Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin otuz beşinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz beşinci gününün xronikasını təqdim edir.

– Martın 28-də Rusiya Ordusunun bölmələrinin Kiyev və Çerniqov bölgələrindən geri çəkilməsi müşahidə edilib.

– Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, Kiyev səmasında Rusiya ordusunun bir neçə raketi zərərsizləşdirilib.

3 23– Ukrayna ordusu İzyum şəhəri yaxınlığında Rusiyanın qırıcı-bombardmançı təyyarəsini və pilotsuz uçuş aparatını (PUA) vurub.

– Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq bildirib ki, böyük itki verən Rusiya Ordusunun bölmələri ehtiyatları yenidən təşkil etmək və artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar. Qeyd olunub ki, Rusiya məhdud yerüstü manevr imkanlarını kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya etməyə davam edəcək.

– Ukraynanın İrpen şəhərində 300-ə qədər mülki şəxs və 50-yə qədər hərbçi həlak olub.

– Ukrayna Birləşmiş Əməliyyat Qüvvələrinin bölmələri Donbasda Rusiya silahlı qüvvələrinə növbəti zərbələr endiriblər. Nəticədə Rusiya ordusuna məxsus 7 tank, 7 zirehli maşın, 2 avtomobil, həmçinin tank əleyhinə MT-12 topu məhv edilib. Bundan başqa, Ukrayna müdafiəçiləri Rusiyanın 3 təyyarəsini və 1 PUA-sını vurub.1 31

– Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 131 təyyarəsini, 131 helikopterini, 605 tankını, 1723 zirehli texnikasını, 1184 hərbi avtomobilini, 305 artilleriya qurğusunu, 81 PUA-sını, 54 hava hücumundan müdafiə sistemini, 96 yayılım atəşli reaktiv sistemini, 21 xüsusi nəqliyyat vasitəsini, 75 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 17 300 nəfər hərbiçisi öldürülüb.

– BMT Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək azı 1179 ukraynalı mülki şəxs həlak olub, daha 1 860 nəfər yaralanıb. Fevralın 24-dən martın 29-dək 3 901 713 ukraynalı qonşu dövlətlərə keçib. Eyni zamanda, ukraynalı qaçqınların yarıdan çoxu Polşaya (2 314 623 nəfər) gedib. Ondan sonra Rumıniya (602 461), Moldova (385 222), Macarıstan (359 197) və Slovakiya (278 238) gəlir. Fevralın 18-dən fevralın 23-dək olan müddətdə Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 113 min nəfər Rusiyaya keçib.

– Rusiya qoşunları Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb. Gün ərzində Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın cəmi iki raketini zərərsizləşdirə bilib. Rusiya qoşunları Xmelnitsk vilayətinin Starokonstantinov şəhərində yerləşən aerodromu vurub.

– Rusiya qoşunları tərəfindən dünən Ukraynanın Nikolayev şəhərində dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində 12 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.

2 27– Rusiya Silahlı Qüvvələri Gürcüstanın Cənubi Osetiyadakı 4-cü və Abxaziyadakı 7-ci hərbi bazasını Ukraynaya köçürüb. 4-cü bazadan Ukraynaya 4 zirehli texnika və 1 200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib.

– Rusiya hərbçiləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsini Rovno vilayətinin Tümen bölgəsində, Ukrayna-Belarus sərhədi yaxınlığında vurub.

– Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri gün ərzində Ukraynanın 69 hərbi obyektini vurub. Onların arasında Nikolayev vilayətindəki Ukrayna xüsusi əməliyyat qüvvələrinin qərargahı, 3 komanda məntəqəsi, 3 zenit-raket kompleksi var.

– Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Rusiya ordusu “İsgəndər” ballistik raket sistemi ilə Kamenka və Dontesk yaşayış məntəqələrində Ukrayna ordusuna məxsus 2 raket və artilleriya sursat anbarını vurub. Anbarda olan 3 yaylım atəşli reaktiv sistemi, 2 haubitsa və 49 hərbi maşın məhv edilib.

5 14

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 124 təyyarəsi, 77 helikopteri, 323 PUA-sı, 1767 tank və digər zirehli döyüş maşınları, 1657 xüsusi nəqliyyat vasitəsi, 186 yaylım atəşi reaktiv sistemi, 214 zenit-raket kompleksi, 741 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə Ukrayna Ordusunun xüsusi təyinatlı qüvvələrinin baş leytenantı, Azərbaycan əsilli zabit ağır yaralanıb. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan daha 2 azərbaycanlı mülki şəxs həlak olub.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button