Rusiya-Ukrayna müharibəsinin otuz doqquzuncu günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir, Rusiya qoşunlarını işğal etdiyi Ukrayna torpaqlarından çıxarır.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz doqquzuncu gününün xronikasını təqdim edir.
Aprelin 3-də Ukrayna ordusu Belarusla sərhəddə yerləşən Pripyat şəhərini və Çerniqov vilayətinin Mixail-Kotsyubinskoye qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
Ukraynanın müdafiə qüvvələri Kiyev vilayətinin ərazisini Rusiya hərbçilərindən azad etdikdən sonra, İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb. Azad edilmiş ərazilərdə xeyli ukraynalı mülki şəxslərin meyitləri aşkarlanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya qoşunları Ukraynanın şimal vilayətlərini demək olar ki, tərk edib, lakin Xarkovu mühasirədə saxlamaqda davam edir. Donbasda isə aktiv döyüş əməliyyatları gedir. Bu arada, Rusiya qoşunları Ukraynanın hərbi və mülki obyektlərinə raket və aviasiya zərbələrini davam etdirir. Bununla yanaşı, yüksək dəqiqlikli silahlardan istifadə etməklə raket zərbələri və zərbələrin intensivliyi azalıb.
Volın istiqamətində də Rusiya qoşunlarının vəziyyətində və mövqeyində əhəmiyyətli dəyişikliklər olmayıb. Polesk istiqamətində Rusiya Ordusunun hərbi bölmələri Belarus ərazisinə doğru çəkilməyə davam edib. Ukrayna tərəfinin məlumatına görə, Rusiya qoşunları geri çəkilərkən, irəliləmə yollarına və ayrı-ayrı yaşayış məntəqələrinə minalar yerləşdirir.
Çerniqovun meri Vladislav Atroşenko Rusiya ordusunun hücumları nəticəsində Çerniqov şəhərinin 70 faizinin məhv edildiyini deyib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Gerqaşenko bildirib ki, Ukrayna ordusu Xarkov üzərində Rusiyanın hərbi təyyarəsini məhv edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında Rusiyanın 59-cu tank alayının motoatıcı bölüyünün 80 faizə qədərini məhv edib. Canlı itki ilə bərabər Rusiya ordusunun texnikası da sıradan çıxarılıb.
Aprelin 3-də Rusiya ordusunun Kiyev vilayətinin Vasilkov şəhərinə atdığı raket Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirib.
Ukrayna Baş Qərargahının məlumatında bildirilib ki, sutka ərzində Ukrayna ordusu Donetsk və Luqansk istiqamətlərində Rusiya ordusunun 6 hücumunun qarşısını alıb. Donetsk və Luqansk ərazisində Ukraynanın müdafiəçiləri Rusiya ordusunun 4 tankını, 6 zirehli texnikası və 7 avtomobilini məhv edib.
Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 143 təyyarəsini, 134 helikopterini, 644 tankını, 1830 zirehli texnikasını, 1249 hərbi avtomobilini, 325 artilleriya qurğusunu, 89 PUA-sını, 54 hava hücumundan müdafiə sistemini, 105 yayılım atəşli reaktiv sistemini, 24 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 18000 nəfər hərbiçisi öldürülüb.
Ukrayna Baş Prokurorluğunun məlumatında Rusiya-Ukrayna müharibəsi nəticəsində 158 uşağın öldüyü, 258 uşağın isə müxtəlif xəsarətlər aldığı qeyd olunub.
Ukraynada hərbi əməliyyatlar zamanı 6800-ə yaxın yaşayış evi dağıdılıb, yaxud yararsız hala düşüb.
Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu Ukraynanın Burın və Putivl şəhərlərini mühasirəyə alıb. Bundan əlavə, Rusiya ordusu Yuryevo qəsəbəsində reydlər keçirərək yerli əhalinin siyahıya alınmasını təşkil etməyə çalışıb və ukraynalıların evlərində silah axtarıblar.
Bundan başqa, aprelin 3-də Rusiya ordusu Ukraynanın Nikolayev və Odessa şəhərlərinə də raket zərbələri endirib. Yüksək dəqiqlikli raketlərlə Ukraynanın Odessa şəhərindəki neft emalı zavodu və 3 yanacaq-sürtkü materialları anbarı məhv edilib.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov şəhərinə “İsgəndər” əməliyyat-taktiki raketinin atıldığı görüntüləri yayıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya hərbi aviasiyası gün ərzində Ukraynada 42 hərbi obyekti məhv edib. Rusiya hərbçiləri Kiyev vilayətindəki Vasilkov hərbi aerodromuna endirilən zərbə ilə Ukrayna Hərbi Hava Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə üzrə Xəbərdarlıq və Nəzarət Mərkəzini sıradan çıxarıb.
Rusiya Ordusu gün ərzində Ukraynanın 1 “Buk-M1” və 2 “Osa-AKM” daxil olmaqla 3 zenit-raket kompleksini, 1 artilleriya batareyasını, 2 yaylım atəşli reaktiv sistemini, 2 raket və artilleriya sursatı anbarını, habelə 8 istehkamını sıradan çıxarıb.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 125 təyyarəsi, 88 helikopteri, 386 PUA-sı, 1918 tank və digər zirehli döyüş maşınları, 1789 xüsusi nəqliyyat vasitəsi, 224 zenit-raket kompleksi, 209 reaktiv yaylım atəşi sistemi, 814 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rizvan Fikrətoğlu




