Rusiya-Ukrayna müharibəsinin otuzuncu günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuzuncu gününün xronikasını təqdim edir.
– Ukrayna silahlı qüvvələri martın 25-də ölkənin Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbi birləşmələrindən azad edib.
– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumat yayıb. Gün ərzində Rusiyanın 9 hücumunun dəf edildiyi 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikası, 9 artilleriya sisteminin məhv edildiyi bildirilib. Rusiyanın 200-dən çox hərbi qulluqçusu öldürülüb. Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri Rusiyanın 2 təyyarəsini və 2 pilotsuz uçuş aparatını (PUA) vurub.
– Xarkov Vilayət Hərbi Administrasiyanın rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiyanın yuxarıda qeyd olunan 2 təyyarəsi İzyum yaxınlığında vurulub. Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində fəaliyyət göstərən və Qərb Hərbi Dairəsinin 59-cu tank alayının tərkibində olan Rusiya hərbçilərini məhv edib. Onun sözlərinə görə, Rusiya Xarkovova son sutka ərzində 55 raket zərbəsi endirib. Oleq Sinequbov Derqaçi şəhərində mülki infrastruktura, rabitə xətlərinə, xəstəxanaya ziyan dəydiyini deyib. Hərbi Administrasiyanın rəhbəri onu da qeyd edib ki, Rusiya helikopteri öz mövqelərinə zərbə endirib və nəticədə Maloy Raqondakı birliklərdə şəxsi heyət və texnikada ciddi itkilər verib.
– Ukraynanın əlahiddə dağ-hücum briqadasının döyüşçüləri Rosqvardiyanın 3 hərbçisini öldürüblər. Məlumata görə, Rosqvardiyanın Çeçenistanda yerləşən operativ təyinatlı 46-cı əlahiddə briqadasının hərbçiləri döyüşlər zamanı məhv edilib. Qeyd edək ki, bu hərbi birləşmə 2000-ci ildə çeçen müqavimət hərəkatına qarşı döyüşmək üçün yaradılıb.
– Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Ukraynaya qarşı hərbi əməliyyatlar nəticəsində Rusiyanın 200-cü əlahiddə motoatıcı briqadasının batalyon-taktiki qrupunun 648 hərbçisindən 645-i öldürülüb.
– Ukrayna silahlı qüvvələri tərəfindən ölkənin Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsində Rusiyanın Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Rezantsev öldürülüb. Qeyd edək ki, bu Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır. Bununla belə, Rusiya indiyədək yalnız 41-ci ordu komandanı müavini general-mayor Andrey Suxovetskinin və Qara Dəniz Donanmasının rəis müavini, birinci dərəcəli kapitan (polkovnikə bərabər) Andrey Palinin ölümünü təsdiqləyib.
– Ukrayna silahlı qüvvələri əcnəbi legionla birlikdə Kiyev yaxınlığında növbəti rus kolonunu məhv edib.
– Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 115 təyyarəsini, 125 helikopterini, 561 tankını, 1625 zirehli texnikasını, 1089 hərbi avtomobilini, 291 artilleriya qurğusunu, 53 PUA-sını, 49 hava hücumundan müdafiə sistemini, 90 yayılım atəşli reaktiv sistemini, 18 xüsusi nəqliyyat vasitəsini, 72 yanacaq sisternini və 5 gəmi/qayığını məhv edib. İndiyədək Rusiya Ordusunun 16 100 nəfər hərbiçisi öldürülüb.
– Ukraynanın Sum vilayətinin Trostyanets şəhərində rus əsgərləri əsir düşüb. Məlumatda rus əsgərlərinin şəhər azad edildikdən dərhal sonra əsir götürüldüyü bildirilib.
– Ukrayna Baş nazirin müavini İrina Vereşuk bildirib ki, Rusiya hərbçiləri 14 şəhərin rəhbərlərini əsir götürüblər.
– Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bildirib ki, Rusiya təyyarələri və helikopterləri gecə ərzində Ukraynada 51 hərbi obyekti məhv edib. O bildirib ki, məhv edilən obyektlər arasında 2 komanda məntəqəsi, 3 reaktiv yaylım atəş sistemi, 2 “Buk M-1” zenit-raket kompleksi 1 S-300 zenit-raket kompleksinin radiolokasiya sistemi, 3 ədəd D-30 artilleriya silahı, 2 raket-artilleriya sursat anbarı var.
– Rusiya Müdafiə Nazirliyi bu günə kimi Ukrayna Ordusunun 1 351 nəfər hərbçisinin həlak olduğunu və 3 825 nəfər hərbçisinin isə yaralandığını açıqlayıb.
– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 261 PUA-sı, 1587 tank və digər zirehli döyüş maşınları, 1397 xüsusi nəqliyyat vasitəsi, 163 reaktiv yaylım atəşi sistemi, 204 zenit-raket kompleksi, 636 artilleriya qurğusu və minaatanı məhv edilib.
– Rusiya Müdafiə Nazirliyi yüksəkdəqiqlikli raketlərlə Ukraynanın artilleriya qurğusunu məhv edib. Nəticədə artilleriya qurğusunun komanda məntəqəsi və batereyası sıradan çıxıb.
– Rusiya Baş Qərargah rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy bildirib ki, Rusiya Silahlı Qüvvələri Kiyev, Xarkov, Çerniqov, Sum və Nikolayev şəhərlərini tamamilə blokadaya alıblar, Xerson və Zaporojye vilayətinin böyük hissəsi nəzarət altındadır. Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, texnikası və şəxsi heyətinə böyük zərbələr vurub.
– Mariupol Şəhər Şurası məlumatında bildirib ki, Ukraynanın Mariupol şəhərində Dram Teatrının binasının bombalanması nəticəsində 300-ə yaxın insan həlak olub.
– Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 135 uşaq ölüb, 180-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan uşaqların sayı baxımından ən çox zərər çəkmiş vilayətlər bunlardır: Kiyev – 64, Xarkov – 44, Donetsk – 46, Çerniqov – 34, Nikolayev – 25, Zaporojya – 26, Jitomir – 15, Xerson – 15, Sumi – 14. Kiyev şəhərində isə bu göstərici 16-dır. Məlumatda o da qeyd olunub ki, bombardman və top atəşləri nəticəsində Ukraynanın 566 təhsil müəssisəsi zərər görüb, onlardan 73-ü tamamilə dağıdılıb. 230-dan çox məktəb, 155 uşaq bağçası zərər görüb və dağıdılıb.
– BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, hərbi əməliyyatlar başlayandan indiyədək 3 milyon 725 min 806 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib. Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Belə ki, 2 milyon 206 min 119 qaçqın Polşa, 572 min 754 nəfər Rumıniya, 376 min 748 nəfər Moldova, 336 min 701 nəfər Macarıstan, 271 min 254 nəfər Rusiya, 263 min 959 nəfər Slovakiya, 6 min 341 nəfər Belarus sərhədlərini keçib.
Rizvan Fikrətoğlu




