Rusiya-Ukrayna müharibəsinin qırx altıncı günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx altıncı gününün xronikasını təqdim edir.
Aprelin 10-da Ukraynanın şərqində Rusiya hərbi texnikasının hərbi karvanının Xarkov vilayətinin Bolşoy Burluk kəndindən keçərək cənuba, rayon mərkəzinə doğru irəliləməsi müşahidə edilib.
Ukrayna Baş Qərargahının səhər saatlarında verdiyi məlumata görə, Rusiya hərbçiləri İzyum yaxınlığında Ukrayna silahlı qüvvələrinin müdafiəsini yarmağa və Mariupol üzərində nəzarəti bərqərar etməyə cəhd edib. Rusiya tərəfi, həmçinin, Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.
Gecə saatlarında Ukrayna ordusu İzyum tərəfdən irəliləyən Rusiyanın hərbi texnikalarını və canlı qüvvələrini məhv edib.
Aprelin 10-da Rusiya qoşunları yenidən Dnepr hava limanına raket zərbəsi endirib. Hava limanının yaxınlığındakı infrastruktur da məhv edilib. Bundan əvvəl gecə saatlarında Rusiya qoşunları Dnepropetrovsk vilayətinin müxtəlif rayonlarına raket zərbələri endiriblər. Ukrayna ordusu Dnepropetrovsk vilayətində Rusiyaya aid 2 ədəd pilotsuz uçuş aparatını (PUA) məhv edib. Pavloqrad vilayətində isə raket sənaye obyektinə düşüb. Bina dağılıb və yanğın baş verib.
Ukrayna Silahlı Qüvvələrinin zenit-raket bölmələri Rusiyanın Nikolayevə hücum edən Su-34 qırıcısını vurub.
Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 152 təyyarəsini, 137 helikopterini, 722 tankını, 1911 zirehli texnikasını, 1384 hərbi avtomobilini, 342 artilleriya qurğusunu, 112 PUA-sını, 55 hava hücumundan müdafiə sistemini, 108 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 19300 nəfər hərbiçisi öldürülüb.
Ukrayna Prezidentinin Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya qoşunlarının Donbasda hücumunun birinci mərhələsi artıq başlayıb, ikinci mərhələ üçün əlavə qüvvələrin gəlməsi gözlənilir. O, Rusiyanın şimaldan və cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışacağını vurğulayıb. Bundan əvvəl Oleksiy Arestoviç qeyd edib ki, yaxın iki həftə ərzində Donbasda ağır döyüşlər aparılacaq və bu, müharibənin növbəti mərhələsinin taleyini müəyyən edəcək.
Ukraynada müharibə başlayandan 177 uşaq ölüb. Ən çox qurbanlar Donetsk, Kiyev və Xarkov vilayətlərindədir. Bu günə qədər hüquq-mühafizə orqanları Kiyev vilayətində 1222 dinc sakinin Rusiya hərbçiləri tərəfindən öldürülməsini təsdiqləyiblər.
Polşadakı Avropa Komissiyasının məlumatına görə, Ukrayna hadisələri ilə bağlı təxminən 12 milyon insanın köməyə ehtiyacı var. Bu məqsədlə, Kanada hakimiyyəti Ukraynaya humanitar yardım göstərmək üçün daha 100 milyon dollar göndərəcək.
Rusiya hərbi xüsusi əməliyyatı başlayandan bəri Ukraynadan qonşu ölkələrə 4,5 milyondan çox qaçqın gəlib.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya ordusu yüksək dəqiqlikli raketlərlə Nikolayev vilayətinin Staroboqdanovka yaşayış məntəqəsini və Xarkov vilayətinin Çuquyev aerodromunu, habelə Ukraynanın S-300 zenit-raket sistemini məhv edib.
Rusiya Qara Dəniz donanmasının freqatı Ukrayna ordusunun hərbi infrastrukturlarını “Kalibr” raketləri ilə vurub.
Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin K-52 “Alliqator” zərbə helikopterləri Ukrayna ordusunun hərbi karvanına zərbələr endirib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 127 təyyarəsi, 98 helikopteri, 234 zenit-raket kompleksi, 232 yayılım atəşli reaktiv sistemi, 436 PUA-sı, 2052 tank və digər zirehli döyüş maşınları, 1975 xüsusi nəqliyyat vasitəsi, 894 artilleriya qurğusu və minaatanı məhv edilib.
Aprelin 10-da Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi baş tutub.
Rizvan Fikrətoğlu




