Rusiya-Ukrayna müharibəsinin qırx birinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir, Rusiya qoşunlarını işğal etdiyi Ukrayna torpaqlarından çıxarır.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx birinci gününün xronikasını təqdim edir.
Aprelin 5-də Ukrayna Dövlət Sərhəd Xidmətinin bölmələri şimal istiqamətdə – Çerniqov vilayətində dövlət sərhədini nəzarətə götürüblər.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya hərbçilərinin Xersondan geri çəkilməyə hazırlaşdığını deyib. Onun sözlərinə görə, Nikolayev vilayətinin ərazisində artıq Rusiya hərbçiləri yoxdur. Xatırladaq ki, aprelin əvvəlindən Rusiya hərbçiləri Kiyev, Çerniqov və Sumı vilayətlərindən geri çəkilməyə başlayıblar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında görə, Rusiya hərbçiləri Ukraynanın İzyum şəhərindən vətəndaşların məcburi çıxarılmasına başlayıblar. İzyum vətəndaşları zorla Rusiyaya aparılır.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarında Ukrayna silahlı qüvvələrinin ölkənin şimalında mühüm ərazini geri aldığı, Rusiyanı öz məqsədlərinə çatmaq imkanından məhrum etdiyi və Rusiya qüvvələrini Çerniqov ətrafındakı rayonlardan və Kiyevin şimalından geri çəkilməyə məcbur etdikləri qeyd olunub.
Ukrayna ordusunun 95-ci briqadasının hərbçiləri Xarkov vilayətində Rusiyanın Ka-52 helikopterini vurublar. Helikopter Ukrayna istehsalı olan “Stuqna” raketi ilə məhv edilib.
Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 150 təyyarəsini, 134 helikopterini, 676 tankını, 1858 zirehli texnikasını, 1322 hərbi avtomobilini, 332 artilleriya qurğusunu, 94 PUA-sını, 55 hava hücumundan müdafiə sistemini, 107 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 18500 nəfər hərbiçisi öldürülüb.
Aprelin 5-də Ukrayna və Rusiya arasında əsir mübadiləsi həyata keçirilib. Hər iki tərəf qarşılıqlı şəkildə 86 əsiri təhvil verib.
“RBK-Ukraina” Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi bildirib ki, Ukraynada əsir götürülən Rusiya əsgərlərinin sayı 600 nəfərə yaxındır. Bu faktı Ukrayna Baş nazirinin müavini təsdiqləyib.
Ukraynanın Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 165 uşaq ölüb, 266 uşaq isə yaralanıb. Həmçinin bildirilib ki, Rusiyanın bombardmanları nəticəsində 869 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83 tamamilə dağılıb.
Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində ölənlərin sayı 12-yə çatıb. Bundan başqa, 41 nəfər yaralı var. Xatırladaq ki, aprelin 5-də Rusiya ordusu Nikolayevə kasetli mərmilər atıb, evləri, xəstəxanaları, uşaq bağçalarını və məktəbləri atəşə tutublar.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biri olduğunu bildirib.
Rəsmi məlumata əsasən, Rusiya Silahlı Qüvvələri Ukraynanın şərqindən hücum əməliyyatı hazırlamaq məqsədi ilə səylərini cəmləşdirir. Bildirilib ki, Rusiyanın şərqdən hücuma hazırlaşmaqda hədəfi Donetsk və Luqansk vilayətlərinə nəzarət etməkdir. Belarus ərazisində hərbi texnikanın hərəkətliliyi qeydə alınır. Rusiya Xarkovu mühasirəyə almağı davam etdirir.
Rusiya ordusu Barvenkovo istiqamətində qismən uğur qazanaraq 7 km irəliləyib, Brajkovka yaşayış məntəqəsinə nəzərəti ələ keçirib. Rusiya qüvvələri Donetsk və Luqansk istiqamətində Popasnaya, Rubejnoye və Mariupol yaşayış məntəqələrinə nəzarət ələ keçirmək istəyiblər.
Ukraynanın Mariupol şəhərində “Azov” alayı rəhbərinin təxliyə planı baş tutmayıb. Şəhərə dəniz istiqamətindən daxil olmağa cəhd edən 2 ədəd Mİ-8 helikopteri Rusiya hərbçiləri tərəfindən vurulub.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 125 təyyarəsi, 93 helikopteri, 403 PUA-sı, 1981 tank və digər zirehli döyüş maşınları, 1876 xüsusi nəqliyyat vasitəsi, 854 artilleriya qurğusu və minaatanı məhv edilib.
Ukraynada müharibə dövründə 3-ü qadın olmaqla 18 jurnalist ölüb. Hərbi əməliyyatlar başlayandan indiyədək 3 jurnalist itkin düşüb, 8-i oğurlanıb, 13 nəfəri yaralanıb, 15 nəfəri isə təzyiqlərə məruz qalıb. Bununla yanaşı, 7 atəş nəticəsində televiziya qüllələri dağıdılıb və ya zədələnib, habelə media qurumlarına qarşı 22 dəfə kiberhücum həyata keçirilib.
Rizvan Fikrətoğlu




