Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin qırx üçüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir, Rusiya qoşunlarını işğal etdiyi Ukrayna torpaqlarından çıxarır.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx üçüncü gününün xronikasını təqdim edir.

Aprelin 7-də Ukrayna ordusu tərəfindən Xersonda Rusiya qoşunlarının hücuma hazırlaşan artilleriya bölməsi məhv edilib.

Ukrayna ordusu Donbas ərazisində Rusiya silahlı qüvvələrinin növbəti hücumunun qarşısını alıb. Ukrayna ordusu sutka ərzində Rusiya ordusunun 9 hücumunu dəf edib. Ukrayna müdafiçəliləri bu istiqamətlərdə Rusiya silahlı qüvvələrinin 6 tank, 5 zirehli texnika, 6 xüsusi avtomobil və 4 artilleriya sistemini məhv edib. Həmçinin Donbas səmasında 2 təyyarə, 1 qanadlı raket və 1 piltosuz uçuş aparatı (PUA) vurulub.u4 3

Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 150 təyyarəsini, 135 helikopterini, 698 tankını, 1891 zirehli texnikasını, 1358 hərbi avtomobilini, 332 artilleriya qurğusunu, 111 PUA-sını, 55 hava hücumundan müdafiə sistemini, 108 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 18900 nəfər hərbiçisi öldürülüb.

Ukraynanın “Azov” alayı mühasirəyə alınmış və Rusiya qüvvələrinin sıza bildiyi Mariupol şəhərində hərbçiləri zərərsizləşdirməyə davam edib. “Azov” alayının döyüşçüləri Rusiyaya aid 2 tankı məhv ediblər. Şəhərin tam mühasirəsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmirlər. Xatırladaq ki, şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayıdır. Şəhər martın 1-dən bəri mühasirədədir. Bununla belə, Rusiya Silahlı Qüvvələri şəhəri tam ələ keçirə bilməyib.

İndiyədək on minlərlə ukraynalı Rusiyaya və ya müvəqqəti işğal edilmiş ərazilərə deportasiya edilib.

Mariupol Şəhər Şurasının başçısı Vadim Boyçenko bildirib ki, Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri törətdikləri cinayətləri gizlətmək üçün meyitləri gizlədirlər. Onun sözlərinə görə, indiyədək Rusiya hərbçiləri şəhərdə 5 min sakini öldürüb. Qeyd edək ki, ötən gün Mariupol Şəhər Şurası Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətləri gizlətmək üçün işğalçıların səyyar krematoriyaları (meyitlərin yüksək temperaturda yandırıldığı yer) işə saldığını açıqlamışdı.

u3 3Ukrayna Müdafiə Nazirliyi Buça faciəsinin qəsdən törədildiyini bildirib. Belə ki, Buçada qətlə yetirilən mülki əhalinin, demək olar ki, 90%-nin qəlpə deyil, güllə yarasından öldüyü məlum olub. Bu, onu göstərir ki, onlar təsadüfən yox, məqsədli şəkildə öldürülüblər. Almaniyanın xarici kəşfiyyat xidməti də Buça qətliamını Rusiya ordusunun amansızca törətməsini bəyan edib.

NATO-nun xarici işlər nazirləri Ukraynaya əlavə ağır silahların tədarükü məsələsini müzakirə ediblər. Belə ki, Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raket kompleksləri, habelə digər yüngül və ağır silahlar, müdafiə vasitələrinin göndərilməsi planlaşdırılıb.

Ukrayna ombudsmanı Lyudmila Denisova bildirib ki, Rusiya Krımda məcburi səfərbərliyə başlayıb.

BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik təşkilatın humanitar məsələlər üzrə müavini Martin Qriffitsin Moskvaya səfərinin yekunlarını şərh edərkən BMT-nin Ukraynanın paytaxtı Kiyevdə humanitar mövcudluğunu və fəaliyyətini bərpa edəcəyini bildirib. Düjarrikin sözlərinə görə, Qriffits işçi heyətin bir hissəsinin müvəqqəti yerdəyişməsindən sonra Kiyevdə bərpa edəcəyini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanlığı qərargahı rəisinin müavini, general Aleksandr Qruzeviç aprelin 7-də keçirdiyi brifinqdə Rusiya qoşunlarının yaxın zamanlarda Donetsk və Luqansk vilayətlərini bütövlükdə ələ keçirmək niyyətində olduğunu və bundan sonra onların Kiyevi işğal etməyə cəhd göstərəcəyini deyib. Onun sözlərinə görə, hazırda Kiyevdə vəziyyət gərgindir, Ukrayna hərbçiləri tərəfindən xarici müdafiə dairəsi genişləndirilir, rayonlarda diversantlar saxlanılır.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarında bildirilib ki, Ukraynanın şərqindəki hücum əməliyyatları Rusiya hərbi qüvvələrinin əsas diqqət mərkəzindədir. Rusiya artilleriya və hava zərbələri Donbasda nəzarət xətti boyunca davam edir. Bildirilib ki, Rusiyanın Ukrayna daxili ərazilərində infrastruktur hədəflərinə zərbələr endirməsi, çox güman ki, Ukrayna ordusunun yenidən təchizat vermək qabiliyyətini aşağı salmaq və Ukrayna hökumətinə təzyiqi artırmaq məqsədi daşıyır.

Rəsmi məlumatlara əsasən, Rusiya öz texnika və qoşunlarını yerləşdirmək üçün Dnestryanıda, Moldova Tiraspol ərazilərindən istifadə edir.

u2 3Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 125 təyyarəsi, 95 helikopteri, 220 yayılım atəşli reaktiv sistemi, 416 PUA-sı, 2003 tank və digər zirehli döyüş maşınları, 1902 xüsusi nəqliyyat vasitəsi, 869 artilleriya qurğusu və minaatanı məhv edilib.

Rusiya ordusu Ukraynanın Novoqriqorovka (Volodarski rayonu), Pannovka, Sujenka, Luqovoye, Sadovoye, Fyodorovka, Kalçinovka, Nazarovka, Ukrainka, Ksenovka, Novoromanovka, Sergeyevka, Starçenkovo, Peremoqa, Priazovskoye, Şevçenko, İliçovskoye, Rıbatskoye, Çervonoyeka daxil olmaqla 160 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. Məlumata görə, 93 ölkə qətnamənin lehinə, 24 ölkə isə sənədin əleyhinə səs verib. 58 ölkə bitərəf qalıb.

Aprelin 7-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 10 humanitar dəhliz açılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button