Rusiya-Ukrayna müharibəsinin qırx yeddinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx yeddinci gününün xronikasını təqdim edir.
Aprelin 11-də Ukrayna Müdafiə Nazirliyi ölkədəki mövcud vəziyyətlə bağlı yaydığı operativ məlumatında bildirilib ki, Rusiya hərbçiləri Slobodan istiqamətində hərəkət etmək üçün hücum qoşunları qrupu yaratmağa davam edir. Bundan əlavə, Rusiya tərəfi Ukraynada döyüş əməliyyatlarında iştirak etmək üçün şəxsi heyət, silah və texnikanın hazırlanması və göndərilməsini davam etdirib. Şərq Hərbi Dairəsinin 5-ci ümumqoşun ordusunun 60-cı ayrı-ayrı motoatıcı briqadasının daimi dislokasiya məntəqəsində silah və hərbi texnika toplanır. Həmçinin Şərq Hərbi Dairəsinin 29-cu Ümumhərbi Ordusunun 36-cı əlahiddə motoatıcı briqadasından (Borzya, Zabaykalya vilayəti) tabor taktiki qrupunun itkilərinin bərpası məqsədilə briqadadan yeni çağırışçılar qəbul edilir.
Ukrayna Müdafiə Nazirliyin rəsmi məlumatına əsasən, Belarus Silahlı Qüvvələrinin müəyyən hissəsi Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsini davam etdirir. Şimal Donanmasının 6-cı Ümumqoşun və Sahil Qoşunları Xarkov şəhərini qismən mühasirəyə almaqda davam edir.
Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin müəyyən edilməsi məqsədilə İzyum istiqamətində ərazinin havadan kəşfiyyatı aparılır. Bunun üçün rusiyalı hərbçilər “Orlan-10” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edirlər. Onlar iki tabor taktiki qrupunun köməyi ilə Dovqenke və Dmitrivka yaşayış məntəqələri istiqamətində hücuma keçməyə cəhd göstərib. Lakin, bu hücum cəhdi uğursuz olub, rusiyalı hərbçilər əvvəlki mövqelərinə çəkiliblər.
Ukrayna tərəf Donetsk istiqamətində Popasna, Rubijne, Nıjne və Novobahmutivka yaşayış məntəqələrini nəzarətə götürmək, həmçinin Mariupol şəhəri üzərində tam nəzarəti təmin etmək istəyir.
Mariupol şəhərində artilleriya və aviasiya vasitələrinin dəstəyi ilə Rusiya qüvvələri “Azovstal” zavodunun ərazilərinə və dəniz limanına hücumlarını davam etdiriblər.
Rusiya KİV-i iddia edir ki, Ukrayna qoşunları Donetskin Petrovski rayonunu atəşə tutub. Qeyd olunub ki, Ukrayna ordusu 122 mm kalibrli 6 mərmi atıb.
Ukraynanın Jitomir vilayətində iki gün davam edən döyüşlər nəticəsində Rusiyanın 5 tankı məhv edilib. Ukrayna ordusu Rusiyanın Mi-24 helikopterini vurub.
Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 154 təyyarəsini, 137 helikopterini, 725 tankını, 1923 zirehli texnikasını, 1387 hərbi avtomobilini, 347 artilleriya qurğusunu, 119 PUA-sını, 55 hava hücumundan müdafiə sistemini, 111 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 19500 nəfər hərbiçisi öldürülüb.
Ukrayna Baş Prokurorluğu Rusiyanın törətdiyi 5889 təcavüz və hərbi cinayəti qeydə alıb.
Fevralın 24-dən indiyədək Ukraynada müharibə zamanı mülki şəxslərdən 1 842 nəfər həlak olub, 2 493 nəfər yaralanıb. Ölənlərin 474-ü kişi, 301-i qadın, 28-i qız, 50-si oğlandır, həmçinin 70 uşaq və 919 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.
Bəzi rayonlarda ərazinin minalanması səbəbindən mülki əhali arasında itkilərin sayının hesablanması mümkün deyil.
Gün ərzində Rusiya döyüş təyyarələri Ukraynada 42 hərbi obyekti məhv edib. Bunlar sırasında Ukraynanın 3 komanda məntəqəsi, işıqlandırma və istiqamətləndirmə üçün 2 radiolokasiya stansiyası, yanacaq anbarı, həmçinin 35 istehkam və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər vurulub.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya hərbçiləri Ukraynanın Nikolayev və Jovtneve qəsəbələri ərazilərində iki sursat anbarını, Uspenovka rayonunda isə S-300 zenit-raket kompleksinin radarını məhv edib. O əlavə edib ki, Donetsk vilayətində daha 9 tank, 5 ədəd “2S3 Akatsiya” özüyeriyən artilleriya qurğusu, 5 ədəd BM-21 “Qrad” yayılım atəşli reaktiv sistemi və 60-dan çox hərbçi məhv edilib.
Habelə, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri İzyum rayonunda Ukraynanın 2 ədəd Su-25 qırıcısını vurub. Bundan başqa son sutkada Ukraynanın 3 PUA-sı Xarkov vilayətində, “Valkiriya” tipli 1 PUA-sı Nikolayev vilayətində, 1 Mi-24 helikopteri isə Xerson vilayətində məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 130 təyyarəsi, 99 helikopteri, 243 zenit-raket kompleksi, 241 yayılım atəşli reaktiv sistemi, 441 PUA-sı, 2132 tank və digər zirehli döyüş maşınları, 2028 xüsusi nəqliyyat vasitəsi, 913 artilleriya qurğusu və minaatanı məhv edilib.
Ukrayna tərəfinin rəsmi məlumatına əsasən Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
Aprelin 11-də Mariupolda Ukraynaya aid yük gəmisinin heyəti əsir götürülüb. Məlumata görə, gəmidə 18 Ukrayna və 1 Misir vətəndaşı olub. Dənizçilər ələ keçirilməzdən rusiyalı hərbçilər gəmini atəşə tutublar. Onlar müvəqqəti işğal olunmuş Donetsk istiqamətinə aparılıb. Lakin ekipajın dəqiq yeri hələlik məlum deyil.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib. Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.
Rizvan Fikrətoğlu




