Rusiya Xəzərdə genişmiqyaslı hərbi təlimlərə başlayıb

Rusiya Xəzərdə genişmiqyaslı hərbi təlimlərə başlayıb

Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) müxtəlif qruplaşması planlaşdırılmış komanda-qərargah təlimində iştirak etmək üçün Mahaçqala baza məntəqəsindən Xəzər dənizinin müəyyənləşdirilmiş ərazisinə gəlib.

“Poliqon” Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya HDQ-nin Xəzər flotiliyasının 20-yə yaxın hərbi gəmisi Xəzər dənizində keçirilən təlimlərdə iştirak edir.

Təlimlərə, ümumilikdə 140-dan çox döyüş və yardımçı gəmi, 60-dan çox pilotsuz uçuş aparatı, əlavə 1000 ədəd hərbi texnika, 10 minə yaxın hərbçi cəlb olunub.

Hərbi təlimlərdə “Dağıstan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, “Mahaçqala”, “Həştərxan” kiçik raket gəmiləri, “Stupinets” kiçik artilleriya gəmisi, minaaxtaran gəmilər, katerlər və köməkçi gəmilər iştirak edir.

Bildirilib ki, Rusiya Xəzər Donanmasının dənizçiləri təlimlərdə minaların axtarışını həyata keçirəcək və standart silahlardan atəş açaraq onların məhv edilməsini məşq edəcəklər. Xəzər Donanmasının hərbi-dəniz taktiki qrupları vahid qaydada üzməli, şərti düşmənin hava təhdidlərini dəf etməli və şərti dəniz döyüşlərini həyata keçirməli, həmçinin raket və artilleriya atışlarını yerinə yetirməli olacaqlar.

Məlumatda o da qeyd olunub ki, təlimlərin əsas məqsədi Rusiyanın milli maraqlarının müdafiəsi, habelə Rusiyanın dəniz və okean istiqamətlərindən gələn hərbi təhdidlərə qarşı gücünü nümayiş etdirməkdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS