Rusiya yeni yerüstü robotlarını hərbi əməliyyat zonasında sınaqdan keçirir
Rusiyanın “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) yeni çoxfunksiyalı yerüstü robotlar inkişaf etdirib.
“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, “Depeşa” və “Baqqi” adlı robotlar hazırda xüsusi hərbi əməliyyat zonası da daxil olmaqla, bir çox şəraitdə sınaqdan keçirilir.
Bildirilib ki, robotların ən mühüm xüsusiyyətləri sırasında yığcamlıq, manevr və yükgötürmə qabiliyyəti yer alır. Əsasən tibbi ləvazimatların, döyüş sursatlarının, qida məhsullarının cəbhə xəttinə tez və səssiz şəkildə çatdırılması, habelə yaralı əsgərlərin təxliyə edilməsi üçün nəzərdə tutulan “Depeşa” robotunun yükgötürmə bacarığı 150 kq, “Baqqi”nin isə 250 kq-dir.
Bunlardan başqa, hər iki yerüstü robot düşmənin şəxsi heyətini, bunkerlərini, döyüş mövqelərini, gücləndirilmiş atəş nöqtələrini və istehkamlarını məhv etmək üçün də istifadə oluna bilər.
Qeyd edilib ki, “Depeşa” robotu tırtıllı platformada yığılıb və operator tərəfindən joystik və ya FPV (First Person View) dəbilqədən istifadə etməklə idarə olunur. Təkərli platformaya malik “Baqqi” isə joystik və planşet vasitəsilə idarə edilir.