Rusiyada “Kalibr” qanadlı raketinin yeni nəsli inkişaf etdirilir

Rusiyada “Kalibr” qanadlı raketinin yeni nəsli inkişaf etdirilir

Rusiyada “Kalibr” qanadlı raketlərinin yeni nəsli üzərində işlər aparılır.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın “Almaz-Antey” hava-kosmik müdafiə konserninin baş direktoru Yan Novikov “Natsionalnaya oborona” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, proqram Müdafiə Nazirliyinin nəzarətindədir və hərbçilər təkmilləşdirilmiş xüsusiyyətlərə malik raketlərin əldə edilməsində çox maraqlıdırlar. Y.Novikov bildirib ki, “Biz uçuş xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı və döyüş istifadəsinin effektivliyini artırmağı planlaşdırırıq. Çıxışda biz hazırkı nəsildən əhəmiyyətli dərəcədə üstün olan bir məmulat gözləyirik”. O, digər təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, 2019-cu ildə Rusiyada “Kalibr” qanadlı raketinin yeni versiyası olan “Kalibr-M” raketinin yaradılması üzərində işlərə başlanıldığı bildirilirdi. İşlər Rusiyanın “Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilə”dən (Intermediate-Range Nuclear Forces Treaty – IRNFT) çıxması nəzərə alınmaqla yerinə yetirilib. Ona görə də yeni “Kalibr” raketinin uçuş məsafəsi 4,5 min km elan edilib.

Raket Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) maraqları çərçivəsində hazırlanıb, lakin yerüstü versiyası da istisna edilməyib. O zaman, yeni raketin “Kalibr” raketinin hazırda mövcud variantlarından təkcə artan atəş məsafəsi ilə deyil, həm də artırılmış ölçüləri, eləcə də daha güclü döyüş başlığı ilə fərqlənəcəyi açıqlanıb.

Qeyd edək ki, hələlik bu mövzuda heç bir rəsmi açıqlama verilməyib, lakin vəziyyətlə tanış olan mənbələrə görə, yeni “Kalibr-M” raketinin inkişafı hərbçilər tərəfindən maliyyələşdirilib və raketin özü 2027-ci ilə qədər dövlət silahlanma proqramına daxil edilib.

Bu arada belə bir məqama diqqət yetirmək lazımdır: əvvəla, mənzilin və döyüş başlığının ikiqat artırılmasının raketin ölçülərində dəyişiklik tələb edəcəyini başa düşmək üçün vunderkind (alm. wunderkind) olmaq lazım deyil. Yəni, əslində, 2027-ci ildə Rusiya Ordusu “Kalibr-M” raketini alacaq və bundan irəli gələrək hazırkı qanadlı raketlərdən istifadə etmək üçün yaradılan bütün sistemləri yeni raketə uyğunlaşdırmalı olacaq.

Beləliklə, məlum olur ki, yeni qanadlı raket ya onun formatı üçün yeni hərbi gəmilərin və sualtı qayıqların inşasını, ya da mövcud olanların dərindən təkmilləşdirilməsini tələb edəcək. Lakin ola bilsin ki, “Kalibr-M” raketi əslində Rusiya HDQ-nin sıralarında istifadə üçün nəzərdə tutulmayıb və yerüstü buraxma qurğusu üçün planlaşdırılır. Rusiya HDQ-də bu tip qanadlı raketlərin real daşıyıcılarının olmamasını və bu raket üçün perspektivli layihələri nəzərə alaraq, belə variant istisna edilmir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS