Rusiyada “Kirpi” mini-YARS yaradılacağı elan olunub

Rusiyada “Kirpi” mini-YARS yaradılacağı elan olunub

Rusiyanın “Spektr” Konstruktor Bürosu dayaq məntəqələrini məhv etmək üçün təyin olunmuş mini-YARS (yaylım atəşli reaktiv sistem) “Kirpi” robotunun yaradılacağını elan edib.

“Poliqon” xəbər verir ki, bunu TASS informasiya agentliyinə açıqlamasında “Spektr” Konstruktor Bürosunun icraçı direktoru Andrey Bratenkov deyib.

“Spektr” Konstruktor Bürosunun icraçı direktoru izah edib ki, onlar qurğunu qısa məsafələrdə istifadə etməyi planlaşdırırlar: “Büro “Kirpi” robot platformaları xəttini genişləndirməyə davam edir. Növbəti modifikasiya 600 q ağırlığında qabaqcıl kumulyativ-qəlpəli döyüş sursatları üçün YARS ilə təchiz olunacaq. “Kirpi” üzərinə quraşdırılacaq YARS altı buraxılış edə biləcək. Sursatın zirehdəlməsi 200 mm təşkil edir. Bütövlükdə, bu, düşmənin dayaq məntəqəsinə qədər sürünərək dayaq məntəqəsini və zirehli texnikasını məhv edə biləcək kifayət qədər ciddi bir maşın olacaq”.

Konstruktor bürosunun daxili araşdırmalarına görə, döyüş sursatınln zərbə hissəsi 200 mm-lik polad zirehli lövhəni etibarlı şəkildə keçmək və sonradan zirehli maşının daxili hissəsini məhv etmək üçün kifayətdir.

“Açıq ərazilərdə kiçik yaşıl maşının sizə tərəf süründüyünü görmək heç də asan iş deyil. Məsələn, gecə saatlarında dayaq məntəqəsinin mini-YARS hücumunu dəf etməyə hazır olma ehtimalı azdır”, – deyə  A.Bratenkov əlavə edib.

“Spektr” Konstruktor Bürosunun icraçı direktoru platformanın iki versiyada istehsal olunacağını qeyd edib: “Biz iki modifikasiya istehsal etməyi planlaşdırırıq – tırtıllı və təkərli. Hər iki versiyanın müsbət və mənfi cəhətləri var. Biz iki formanı necə birləşdirəcəyimizi düşünürük ki, bu təkər bazası olsun, lakin lazım gələrsə, insanlar onu tırtıllı bazaya dəyişə bilsinlər. “Spektr” KB modul platformalar üçün çalışır, biz məhsullarımızı mümkün qədər unifikasiya edirik ki, həm havada, həm də yerdə olan dronlar eyni uzaqdan idarəetmə pultu ilə, uyğun rabitə kanalları vasitəsilə idarə olunsun ki, döyüşçülər çoxsaylı retranslyator avadanlığını daşımasın”.

Daha əvvəl bildirilmişdi ki, “Spektr” Konstruktor Bürosu “Kirpi” robotlaşdırılmış platformasının “Kirpi-M” uzaqdan minalama üçün nəzərdə tutulmuş versiyası üzərində işləyir. Bu robot 20 kq faydalı yük daşımağa qadirdir. Sadə dillə desək, robot hər birinin çəkisi 10 kq olan, “Abrams” və ya “Challenger 2” tankını dayandırmağa qadir olan 2 ədəd “ağır” TM-62 minasını daşıyacaq.

Hibrid dizaynı sayəsində “Kirpi-M” fəzadakı vəziyyətindən asılı olmayaraq: geriyə, irəliyə, “baş-ayaq” şəkildə effektiv fəaliyyət göstərə biləcək ki, bu da onu müxtəlif şəraitlərdə hərbi qulluqçuların istifadəsi üçün ideal edir.

“Kirpi-M” robotunun “qardaşı” “Kirpi-R” artıq Rusiya Ordusu tərəfindən kəşfiyyat məqsədləri üçün istifadə olunur və 5 kq-a qədər faydalı yük daşıya bilir. Platforma düşmənin atəş nöqtələrini təhrik etmək funksiyasını yerinə yetirir. “Kirpi” kifayət qədər parlaq işıqlandırmaya, eləcə də 360 dərəcə görünüşü olan video kameralara malikdir.

“Spektr” KB Rusiyanın Novosibirsk şəhərində yerləşir və pilotsuz uçuş aparatlarının (PUA), eləcə də robot platformaların hazırlanması və istehsalı ilə məşğuldur.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS