
Rusiyanın “Şvabe” holdinqi (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) FLEET-2026 sərgisində tutucu dronları düşmənin pilotsuz uçuş aparatlarına (PUA) yönləndirən yeni sistemini təqdim edib.
“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, sistem avtomatik rejimdə fəaliyyət göstərir və sahilyanı infrastrukturun mühafizəsi üçün nəzərdə tutulub.
“Şvabe” holdinqinin baş direktoru Vadim Kalyugin layihə barədə danışarkən vurğulayıb ki, kritik infrastruktur obyektlərinə qarşı təhdidlərin xarakterinin daim dəyişdiyi şəraitdə akvatoriyaların və sahilyanı ərazilərin qorunması yeni yanaşmalar tələb edir.
Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri obyektlərin erkən aşkarlanması və sürətli tanınmasıdır ki, bu da vəziyyətə operativ reaksiya verməyə imkan yaradır. Bu baxımdan holdinq optik-elektron cihaz və sistemləri fəal şəkildə təkmilləşdirərək onların işinə süni intellekt texnologiyalarını tətbiq edir.
Yeni sistem yerüstü optik-elektron stansiyadan, tutucu dronlardan və operatorun iş yerindən ibarətdir. Kameralardan alınan görüntü monitora ötürülür, operator hədəfin vurulması barədə qərar qəbul edir və buraxılış əmrini verir. Tutucu dron stansiyanın komandaları ilə hədəf bölgəsinə çıxarılır, son mərhələdə isə neyroşəbəkə alqoritmlərinin köməyi ilə birbaşa hədəfə yönləndirilir.




