Rusiyada “Xaska-10” hava yastıqlı gəminin sınaqları davam edir

Rusiyada “Xaska-10” hava yastıqlı gəminin sınaqları davam edir

Rusiyanın “Kalaşnikov” konserni tərəfindən hazırlanan “Xaska-10” hava yastıqlı gəminin sınaqları davam edir.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.

Konserndən bildirilib ki, yaxın həftələrdə zavodda keçirilən statik sınaqları başa çatdıqdan sonra, “Xaska-10”nun suda sınaqları başlayacaq.

“Xaska-10” Rusiyanın Sənaye və Ticarət Nazirliyinin 2013-2030-cu illər üçün dəniz yataqlarının işlənməsi ilə əlaqədar gəmiqayırma və avadanlıqların inkişafı dövlət proqramı çərçivəsində yaradılıb. “Xaska-10” Arktikada, Rusiyanın Uzaq Şimalında və suyun dayaz olduğu yerlərdə həm yüklərin, həm də sərnişinlərin daşınması üçün hazırlanıb.

Belə ki, gəmi ilkin olaraq mülki müştərilər üçün nəzərdə tutulsa da, “Ordu-2020” Beynəlxalq Hərbi-Texniki Forumunda Rusiyanın Hərbi Dəniz Qüvvələri də “Xaska-10”a maraq göstərib. Hava yastıqlı gəmi ilk dəfə xaricdə 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən IDEX müdafiə sənayesi sərgisində nümayiş olunub.

10 ton yük götürmək qabiliyyətinə malik olan “Xaska-10” hava yastıqlı gəmi 40 knot sürətlə 400 mil məsafə qət etmək imkanı verir. Onun uzunluğu 20.8 metr, eni 12.5 metr və hündürlüyü 7.4 metrdir. “Xaska-10”nun şəxsi heyəti üç nəfərdir və istifadəçiyə əlavə təminat olmadan üç gün ərzində suda fəaliyyat göstərmək imkanı verir.

Poliqon.az

CATEGORIES
TAGS