Rusiyanın ağır odsaçan sistemləri əlavə mühafizə ilə təchiz edilib

Rusiyanın ağır odsaçan sistemləri əlavə mühafizə ilə təchiz edilib

Rusiyanın Ukrayna ilə müharibə zonasında istifadə olunan TOS-1A “Solntsepyok” və TOS-2 “Tosoçka” ağır odsaçan  sistemləri əlavə  mühafizə ilə təchiz olunublar.

Bu barədə “Poliqon” “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verib.

TOS -1A “Solntsepyok” sistemində T-90 tankının şassisində ilkin zirehlənmənin və buraxma qurğusunun, TOS- 2 “Tosoçka” sistemində isə 6×6 təkər formullu Ural-63706 yük avtomibilinin zirehli kabinasının və buraxma qurğularının yerləşdirilməsinə baxmayaraq, döyüş bölgəsində çoxsaylı döyüş epizodları icra edən Rusiya komandanlığı qərara gəlib ki, döyüş maşınları standart mühafizəyə əlavə olaraq gücləndirilmiş zirehlə təchiz olunmalıdır. Bütün bunlar isə hazırda təkcə adi minik avtomobilləri və yük maşınlarını deyil, həm də piyadaların döyüş maşınlarını, zirehli transportyorları və hətta tanklarl dələn FPV-dronların artan təhlükəsi ilə əlaqədardır.

Ukraynanın uzaqdan idarə olunan uçuş aparatlarının (UİUA) və pilotsuz uçuş aparatlarının (PUA) silahlandığı kumulyativ döyüş sursatı çox təhlükəli silah növüdür. Buna görə də, sıx kumulyativ şırnağın ilkin parçalanması üçün Rusiya tankçıları və artilleriyaçıları fərdi şəkildə zirehli maşınlarını barmaqlıq ekranları ilə təchiz etməyə başlayıblar.

Bununla yanaşı, hazırda əsas təhlükələrdən biri də müxtəlif növ hərbi texnikaları kumulyativ döyüş sursatı ilə məhv edə bilən FPV-dronlardır. Buna görə də onları zərərsizləşdirmək üçün Rusiya döyüş texnikalarına kütləvi şəkildə barmaqlıq ekranlar quraşdırılmağa başlanmışdır. Barmaqlıqlar zirehli texnikanın dayanıqlığını və kumulyativ döyüş başlıqlarına malik UİUA-lara qarşı müdafiəsini xeyli artırır.

İndi barmaqlıq ekranları ağır odsaçan sistemlərinin həm tırtıllı, həm də təkərli versiyalarında görmək mümkündür. Belə konstruksiyalar 220 mm-lik reaktiv mərmilərin buraxılması üçün təyin edilmiş istiqamətləndiricilər paketinin üzərinə quraşdırılır. Barmaqlıqlar TOS-2 “Tosoçka” sistemində damda və yanlarda, TOS-1A “Solntsepyok” sistemində isə təkcə damda və ya yanlarda deyil, həm də arxa hissədə quraşdırılırlar.

Bundan başqa, tırtıllı TOS-1A döyüş maşınları əlavə olaraq modernləşdirilmiş T-80BVM və T-72B3M tanklarında quraşdırılmış “Relikt” dinamik mühafizəsi olan bort ekranları ilə təchiz edilib.

Qeyd edək ki, ağır odsaçan sistemləri həcmli partlayışla tikililəri məhv etmək, həmçinin yüngül zirehli maşınları və avtomobilləri sıradan çıxarmaq üçün təyin edilib. T-90 tank şassisindəki TOS-1A “Solntsepyok” ağır odsaçan sistemi 220 mm çaplı reaktiv mərmilərin buraxılması üçün 24 istiqamətləndirici ilə təchiz edilib. 6×6 təkər formullu Ural-63706 yük avtomibilinin təkərli şassisi üzərindəki TOS-2 “Tosoçka” sistemi isə, sələflərindən təkmilləşdirilmiş atəşi idarəetmə sistemi və özünün mərmi doldurmaq üçün kranının olması ilə fərqlənir.

TOS-1A “Solntsepyok”, həmçinin T-80BVM və T-72B3M əsas döyüş tanklarında quraşdırılmış unifikasiya edilniş falşbortlarla da təchiz edilir. Eləcə də, əgər əvvəllər T-72B bazasında TZM-T nəqletmə-doldurma maşınlardan istifadə olunurdusa, indi onlar üç oxlu KamAZ yük avtomobilləri ilə əvəz olunub.

Xatırladaq ki, bu yaxınlarda TOS-3 “Drakon” ağır odsaçan sisteminin ilk prototipinin yaradılması haqqında məlumat paylaşmışdıq (ətraflı: https://poliqon.az/rusiyada-yeni-tos-3-drakon-agir…/).

Əhəd Vahidoğlu

CATEGORIES