SərgilərXəbərlər

SAHA 2026 sərgisində 1700-dən çox şirkət iştirak edəcək

2026-cı il 5-9 may tarixlərində “SAHA İstanbul”un təşkilatçılığı altında İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi ilə bağlı məlumatlandırma iclası baş tutub.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, tədbir öncəsi keçirilən məlumatlandırma iclasında “SAHA İstanbul” İdarə Heyətinin üzvləri, müdafiə sənayesi nümayəndələri və media təmsilçiləri iştirak edərək sərginin miqyası, məqsədləri və gözləntiləri barədə geniş məlumat veriblər.

“Baykar” şirkətinin baş direktoru və “SAHA İstanbul” İdarə Heyətinin sədri Haluk Bayraktar çıxışında bildirib ki,” SAHA İstanbul” 27 üzvlə başladığı fəaliyyətini bu gün 1300-dən çox üzvü ilə davam etdirir və Avropanın ən böyük sənaye klasterinə çevrilərək güclü bir ekosistemi təmsil edir.

O, “SAHA İstanbul”un həyata keçirdiyi ən mühüm fəaliyyətlərdən birinin də SAHA sərgisi olduğunu qeyd edib: “2018-ci ildə ilk sərgini keçirmişdik, bu il isə beşincisini təşkil edirik. 5 min kvadratmetr sahədə başlayan sərgi o vaxt 170 şirkətin iştirakı ilə keçirilmişdi və xarici iştirakçı yox idi. İlk dəfə 170 şirkət iştirak etmişdi, SAHA 2026-da isə 1700-dən çox şirkət yer alacaq. Onların 260-dan çoxu xarici şirkətlər olacaq.”

Onun sözlərinə görə, ilk SAHA sərgisini 10 min ziyarətçi izləyib, bu il isə 20 qat artımla 200 mindən çox ziyarətçinin olması gözlənilir.

H.Bayraktar 2024-cü ildə keçirilən SAHA sərgisində ixrac sahəsində mühüm uğur əldə edildiyini vurğulayıb: “2024-cü ildə SAHA çərçivəsində 6,2 milyard dollarlıq ixrac müqaviləsi imzalanmışdı. Bu il bu rəqəmi ən azı 8 milyard dollara çatdırmağı hədəfləyirik. 2000-ci illərin əvvəlində Türkiyədə müdafiə sənayesində cəmi 17 şirkət var idi. Bu gün isə yalnız “SAHA İstanbul”un üzvlərinin sayı 1300-dən çoxdur. Ümumilikdə müdafiə sənayesi ilə əlaqəli şirkətlərin sayı 3000-dən çoxdur. Xüsusilə, kiçik və orta müəssisələrin SAHA-da yer almasına böyük önəm veririk”.

“SAHA İstanbul” İdarə Heyəti sədrinin müavini və “Roketsan” şirkətinin baş direktoru Murat İkinci bildirib ki, Türkiyə minlərlə şirkəti əhatə edən geniş bir ekosistemə malikdir: “Avropada belə bir sistem yoxdur. Xüsusilə, tədarük zənciri baxımından ən dinamik struktur Türkiyə müdafiə sənayesindədir. Buna görə də Avropanı bizim üçün rəqabətdən çox əməkdaşlıq potensialı daşıyan bir sahə kimi düşünə bilərik”.

“SAHA İstanbul” İdarə Heyəti sədrinin müavini və ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol isə SAHA 2026-da 3 yeni məhsul təqdim edəcəklərini qeyd edib. O, “Mavi Vətən” üçün yeni zərbə güclərinin, “Polad Qübbə”nin yeni imkanlarının və hava hücumu istiqamətində yeni məhsulların nümayiş olunacağını vurğulayıb.

“SAHA İstanbul” İdarə Heyəti sədrinin müavini və “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin baş direktoru İlhami Keleş isə dayanıqlılığın vacibliyinə diqqət çəkərək, daha sadə, sürətli istehsal edilə bilən və sahədə yüksək effektivliyə malik məhsulların inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

“SAHA İstanbul” İdarə Heyətinin üzvü və TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu, SAHA 2026-da bir çox məhsullarını sərgiləyəcəklərini bildirib: “KAAN layihəsi üzrə işlər davam edir. Bu il iki prototipi uçurmağı planlaşdırırıq”.

SAHA İstanbul İdarə Heyətinin üzvü və “Arca Savunma” İdarə Heyətinin üzvü Özgür Rodoplu isə şirkət olaraq ixrac fəaliyyətlərini davam etdirdiklərini və SAHA 2026 çərçivəsində Estoniya Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqlarını qeyd edib.

İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA 2026 sərgisi ümumilikdə 400 min kvadratmetr sahədə təşkil olunacaq və bunun 20 min kvadratmetri açıq sərgi sahəsi olacaq. 120-dən çox ölkədən iştirakın gözlənildiyi sərgidə 1700-dən çox şirkət (263-ü xarici), 200 mindən çox ziyarətçi və 30 mindən çox müdafiə sənayesi mütəxəssisinin iştirakı gözlənilir.

Sərgi çərçivəsində 30 mindən çox B2B görüş planlaşdırılır ki, bu da tədbiri sadəcə sərgi deyil, birbaşa biznes inkişafı, tədarük zənciri əlaqələndirilməsi və strateji tərəfdaşlıqlar platformasına çevirir.

SAHA 2026-da 203 yeni məhsul təqdimatı və ümumi dəyəri 4 milyard ABŞ dolları olan 164 imza mərasimi keçiriləcək. Bu rəqəm əvvəlki sərgidə əldə edilən ixrac müqavilələrinin təxminən 3 qatına bərabərdir.

Avropa, ABŞ və Kanadadan iştirak xüsusilə diqqət çəkir. Dünyanın 4 qitəsindən çoxsaylı şirkətlər, rəsmi və ticari nümayəndə heyətləri sərgidə iştirak edəcək.

Sərgidə 140-dan çox rəsmi heyət, 800-dən artıq rəsmi nümayəndə, 200-dən çox satınalma heyəti təmsilçisi yer alacaq. Həmçinin 25-dən çox xarici ölkənin naziri və yüksək rütbəli hərbi şəxslərinin iştirakı tədbirin beynəlxalq əhəmiyyətini artıracaq.

Bu il sərginin əsas mövzularından biri investisiya ekosistemi olacaq. Tədbirdə beynəlxalq investisiya fondları, maliyyə institutları, strateji investorlar, eləcə də NATO İnnovasiya Fondu (NIF) və NATO DIANA proqramına daxil olan şirkətlər də iştirak edəcəklər.

Qeyd edək ki, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC SAHA-2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin imkanlarını geniş şəkildə nümayiş etdirəcək. “Azərsilah”la yanaşı, ölkənin aparıcı müdafiə sənayesi müəssisələri də sərgidə təmsil olunacaq. Bunlar arasında “Alov” zavodu, “Aqreqat İstehsalat Birliyi” MMC, “Cihaz İstehsalat Birliyi” MMC, “İqlim” Elmi-İstehsalat Müəssisəsi, “Zireh” MMC, Milli Aerokosmik Agentliyi və digər müəssisələr yer alır.

Sərgidə Azərbaycanın müdafiə sənayesi potensialı beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Nümayiş etdiriləcək məhsullar yerli sənayenin innovativ yanaşmasını və artan istehsal imkanlarını əks etdirəcək. Ekspozisiyada iri və orta çaplı atıcı silahlar, minaatan və qumbaraatan sistemləri, müxtəlif çaplı sursatlar, pilotsuz uçuş aparatları, insansız dəniz aparatları, antidron sistemləri və kəşfiyyat vasitələri yer alacaq. Bununla yanaşı, optik cihazlar, müasir rabitə vasitələri, hərbi təyinatlı geyimlər və fərdi təchizat vasitələri də ziyarətçilərə təqdim olunacaq.

Bununla paralel olaraq, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC də sərgidə iştirak edəcək. Şirkət tərəfindən müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalar əsasında formalaşdırılmış servis, inteqrasiya, texniki qulluq və təmir xidmətləri nümayiş olunacaq.

Sərgi çərçivəsində həm “Azərsilah” holdinqinin, həm də MİRAS şirkətinin beynəlxalq tərəfdaşlarla görüşlər keçirməsi, yeni əməkdaşlıq imkanlarını müzakirə etməsi planlaşdırılır. Azərbaycanın SAHA 2026 sərgisində iştirakı müdafiə sənayesində mövcud inkişaf istiqamətlərinin izlənməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yerli istehsalın ixrac potensialının qlobal səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bildiririk ki, “Poliqon” jurnalı da SAHA 2026-da iştirak edəcək. Jurnal sərgi müddətində tədbiri yerindən işıqlandıraraq oxucularına və izləyicilərinə ən aktual və operativ məlumatları təqdim edəcək. “Poliqon” sərgi çərçivəsində nümayiş etdirilən ən son texnoloji yeniliklər, müdafiə sənayesində təqdim olunan yeni məhsullar və perspektiv layihələr haqqında geniş reportajlar hazırlayacaq. Bununla yanaşı, aparıcı şirkət nümayəndələri, rəsmi şəxslər və sahə üzrə ekspertlərlə eksklüziv müsahibələr həyata keçiriləcək.

Back to top button