Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında dəfn olunub – FOTOLAR
Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov bu gün Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqları bildirilib.
Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.
Yaylım atəşindən sonra şəhid Ç. Qurbanov torpağa tapşırılıb, məzarı üzərinə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Ç.Qurbanovun xidmət etdiyi hərbi hissəyə təqdim olunub.