Serbiya prezidenti “Nora” B52 ÖAQ-ların Azərbaycana satıldığını təsdiqləyib
Serbiya prezidenti Aleksandr Vuçiç 155 mm-lik “Nora” B52 özüyeriyən artilleriya qurğularının (ÖAQ) Azərbaycana satıldığını təsdiqləyib.
“Poliqon” Serbiyanın “Tanjug” Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Topçider kazarmasında nümayiş etdirilən silah və texnikalara baxış keçirən zaman deyib.
Aleksandr Vuçiç bildirib ki, 155 mm-lik ÖAQ-lara və sursata böyük təlabat var: “Çoxlu “Nora” sifariş etdik. Kipr də, Azərbaycan da aldı. O, 155 mm-lik haubitsadır. Bizə lazım olan istehsalı və hissələri təmin edib sürətləndirə bilsək, bu, bizim üçün ən vacib üstünlüklərdən biri ola bilər”.
Xatırladaq ki, ötən ilin sonlarında Serbiya prezidenti Aleksandr Vuçiç adı açıqlanmayan ölkəyə 48 ədəd “Nora” B52 özüyeriyən artilleriya qurğusu (ÖAQ) satıldığını təsdiq etmişdi. Həmin vaxt A.Vuçiç ölkənin adını çəkməmiş, sadəcə bu müqavilənin artıq imzalandığını, lakin bunun Afrika ölkəsi olmadığı istisna olmaqla, ətraflı məlumat verə bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, bu ölkənin prezidenti və parlamenti “Nora” B52 ÖAQ sifarişinin təsdiqlənməsi üçün rəsmi prosedurları hələ başa çatdırmamışdı.
Qeyd edək ki, 48 ədəd “Nora” B52 təkərli ÖAQ-ın tədarükünə dair razılaşma hələ cari ilin noyabr ayında elan edilmişdi. Serbiya və Qafqazdakı bir sıra nəşrlər “Nora” B52 ÖAQ-ların böyük partiyasının müştərisinin Azərbaycan olduğunu iddia etsə də, həmin vaxt bu məlumat rəsmi təsdiqini tapmamışdı. Bir çox KİV-lərdə bu satışın dəyəri təxminən 311 milyon avro olaraq göstərilmişdi.
“Nora” B52 2006-cı ildə Serbiyanın “Yugoimport SDPR” şirkətinin mühəndisləri tərəfindən yaradılmış təkərli özüyeriyən haubitsadır. “Nora” B52 ÖAQ Velika-Plana şəhərindəki “Morava” zavodunun istehsal etdiyi təkərli artilleriya sistemləri ailəsinin aralıq variantlarından biridir.
155 mm-lik ÖAQ sovet istehsalı D-20 top-haubitsasının bazasında lüləsinin uzunluğu 52 çapa qədər artırılmış şəkildə hazırlanıb. Yellənən hissənin xeyli sayda elementi 152 mm-lik D-20 top-haubitsasından və 130 mm-lik M-46 topundan götürülmüşdür. Şaquli müstəvidə tuşlama bucaqları -50 ilə +65 dərəcə, üfüqi müstəvidə isə ±30 dərəcədir. Haubitsanın maksimal atış məsafəsi 42 km-ə qədərdir.
ÖAQ-ın atəşi idarəetmə sistemində MRSI (Multiple Rounds Simultaneous Impact) atəş rejimi nəzərdə tutulub ki, bu da bir neçə mərmi lülənin müxtəlif qalxma bucaqlarında ardıcıl olaraq, lakin eyni zamanda hədəfə çatacaq şəkildə buraxıldıqda, tək artilleriya sistemi ilə tam yaylım atəşi effekti əldə edilməsini təmin edir.
Təlim atışları üçün atəş 20×102 kalibrli M55 qoyma lülə ilə yerinə yetirilir.
Artilleriya hissəsi 8×8 təkər formuluna malik şassinin arxa hissəsində fırlanan platformada quraşdırılıb. ÖAQ ixrac üçün Serbiyanın Priboy şəhərində yerləşən FAP (“Fabrika Automobila Priboy”) avtomobil istehsalı zavodunun FAP-2832 şassisində və öz ordusu üçün isə Rusiya istehsalı KamAZ-63501-8×8 təkər formuluna malik iki növ şassidə istehsal olunur. Yürüş vəziyyətində haubitsa hərəkət istiqamətində bərkidilir, lakin atəş üçün geri dönür və dörd teleskopik elektro-hidravlik dayaq (autriger) vasitəsilə sabitlənir.
Döyüş maşınındakı döyüş dəsti 36 dəst atəş yığımından ibarətdir. Onlardan 12 dəsti atışa hazırdır və avtomatik doldurucuda yerləşdirilir, daha 24 dəsti isə kabinanın arxasında yerləşən döyüş yığımındadır. Daha 72 dəst atəş yığımı nəqletmə maşınında daşınır.
ÖAQ özünümüdafiə üçün 12,7 kalibrli pulemyotla silahlandırılıb. Tüstü pərdələrinin quraşdırılması üçün iki blok 82 mm-lik tüstü qumbaraatanları nəzərdə tutulub.
Qeyd edək ki, “Nora” B52 özüyeriyən silah ixrac üçün fəal şəkildə təchiz edilir. Bu təkərli özüyeriyən haubitsalar Serbiya ilə yanaşı Banqladeş, Kipr, Myanma və Keniya ordularının silahlanmasındadır.
“Nora” B52 ÖAQ-ın əsas taktiki-texniki xüsusiyyətləri aşağıdakı kimidir:
- heyəti – 5 nəfər;
- ERFB / BB mərmisi ilə aparılan atəşin maksimal məsafəsi – 42 km;
- ERFB RA / BB perspektivli mərmisi ilə aparılan atəşin təxmini məsafəsi – 56 km;
- KM-1 “Krasnopol” (və ya “Krasnopol-155, yaxud K155) tipli idarə olunan mərmidən istifadə etmək imkanı – mövcuddur;
- yürüş vəziyyətindən döyüş vəziyyətinə keçmə müddəti – 1 dəqiqə;
- şossedə maksimal hərəkət sürəti – 80 km/saat;
- yolsuzluq şəraitində hərəkət sürəti – 40 km/saat;
- yanacaq üzrə gediş ehtiyatı – 500 km;
- ÖAQ-ın deşilmiş şinlərdə gedə biləcəyi məsafə – 50 km;
- minimal dönmə radiusu – 16,6 m;
- dəf etdiyi maneələr: o səngər – 1,6 m; xəndək (su maneəsi) – 1 m; yoxuş – 23 dərəcə;
- maksimal icazə verilən yan əyilmə – 9 dərəcə.