Serbiyada “Lazanski” zirehli maşını yaradılıb

Serbiyada “Lazanski” zirehli maşını yaradılıb

Serbiyanın paytaxtı Belqradda keçirilən “Partner-2021” Beynəlxalq Silah Sərgisində yerli “Yugoimport” müdafiə sənaye müəssisəsi tərəfindən yaradılmış 8×8 təkər formullu “Lazanski” yeni zirehli döyüş maşını nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, “Lazar” konsepsiyası ilə müqayisədə yeni maşının zireh müdafiəsi artırılıb, daha keyfiyyətli bir tamamlama nəzərə çarpır və daha da güclü mühərrikin inteqrasiya olunduğu ehtimal olunur.

Ən çox diqqəti çəkən isə, zirehli maşına Rusiya istehsalı 57 mm-lik 2A91 toplu AU-220M modulumnun inteqrasiyasıdır. “Lazanski” zirehli maşını 8×8 təkər formuluna malik platformaya sahibdir. Bu da “Lazar” zirehli avtomobil ailəsinin daha bir təkamülünü əks etdirir və konstruksiyanın özündə müəyyən dəyişikliklər ilə xarakterizə olunur, eyni zamanda daha yaxşı işlənməni təqdim edir. Göründüyü kimi, “Lazanski” zirehli döyüş maşını “Lazar 3” zirehli transportyorundan daha güclü zirehli müdafiəyə malikdir. Bu müdaxilələrə və əsas silahlara gəldikdə isə, yeniliklərə uyğun olaraq, böyük ehtimalla sabit hərəkətlilik parametrlərini təmin etməkdən ötrü maşında daha güclü, 700 at gücünə sahib mühərrik quraşdırılıb. Maşının “Lazar 3” konseptində olduğu kimi yan şüşələri olmayacağı da diqqət çəkir.

Bu maşının arsenalında olan 57 mm-lik 2A91 topunun atış məsafəsi 12500 metrə qədərdir (bəzi məlumatlarda 14500 metr qeyd olunur). 57×348 SR mm çaplı atəş yığımları ilə atəş tezliyi dəqiqədə 80 atışdır, mərminin başlanğıc sürəti saniyədə 1000 metrdir. Döyüş dəsti 80 dəst atəş yığımıdır. Topun döyüş dəsti müxtəlif növ 57 mm çaplı atəş yığımlarından ibarətdir. Bunlar, məsafədən işə düşən, tank əleyhinə və idarə olunan raketlərlə təchiz edilmiş çoxməqsədli döyüş sursatlarıdır.

Modul üfiqi müstəvidə 360 dərəcə fırlanma qabiliyyətinə malikdir. Topun qalxma bucaqları -5…+60 dərəcədir. Bütün bu göstəricilər silahın təkcə yer hədəfləri ilə deyil, həm də kiçik pilotsuz uçuş aparatları, alçaqdan uçan təyyarələr və helikopterlərlə də mübarizə aparmasına imkan verir. 2000 ədəd patrondan ibarət döyüş dəsti olan 7,62 mm-lik pulemyot əsas topla qoşalaşdırılıb.

57 mm-lik 2A91 topu 30 mm çaplı 2A42 və 2A72 markalı standart avtomatik toplardan müqayisə edilə bilməz dərəcədə güclüdür. Bu top həm atəş məsafəsi baxımından, həm də atəşin hədəfə təsiri baxımından sözügedən toplardan üstündür. Beləliklə, bu topdan atılan 57×348 SR mm çaplı çapaltı mərmi Almaniyanın “Schützenpanzer Puma” kimi ən ağır zirehli piyada döyüş maşınlarını belə “dələ” biləcək. Ehtimal olunur ki, yeni döyüş sursatı qalınlığı 150 mm-ə qədər olan “homogen” zireh lövhəyə 1500 metr məsafədən nüfuz edəcək.

Döyüş moduluna “Ataka-T” raketlərini buraxma qurğusu da inteqrasiya oluna bilər. Bundan sonra çox güman ki, oxşar sinifli tırtıllı maşınlara gəldikdə, Rusiya istehsalı “Derivasiya PVO” və “Terminator” BMPT istisna olmaqla, dünyanın ən yüksək atəş gücünə malik olacaq bir vasitə əldə ediləcəkdir.

Maşının ümumi tutumu 13 nəfərdir, onlardan desant bölməsində 10 əsgər, ön hissədə isə sürücü, komandir və bir əsgər oturur.

Qeyd edək ki, maşın bu yaxınlarda dünyasını dəyişmiş Serbiyanın Rusiyadakı səfiri, hərbi analitik Miroslav Lazanskinin adını daşıyır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS