
Serbiyada “Lazar 3M” zirehli döyüş maşını sınaqdan keçirilib
Serbiyanın “Jugoimport-SDPR” şirkəti tərəfindən istehsal edilən “Lazar 3M” zirehli döyüş maşını Nikinci Silah və Hərbi Texnika Test Mərkəzində sınaqdan keçirilib.
“Poliqon” “Jugoimport-SDPR”ə istinadən xəbər verir ki, Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Mojsiloviç, onu müşayiət edən idarə rəisləri, hərbçilər və şirkət nümayəndələri Nikinci Silah və Hərbi Texnika Sınaq Mərkəzində olub.
Səfər zamanı M.Mojsiloviç sınaq mərkəzinin bu bölməsi tərəfindən yerinə yetirilən tapşırıqların gedişatını qiymətləndirib, Serbiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Lazar 3M” zirehli döyüş maşını və modernləşdirilmiş M-80AB1v2 piyadaların döyüş maşını ilə təlimlərini izləyib.
O, bu münasibətlə “Lazar M3” maşınlarının keyfiyyətə qəbul prosesində görülən işlərin hazırkı mərhələsini də dəyərləndirib. Sözügedən zirehli maşınların yaxın vaxtlarda Serbiya Silahlı Qüvvələrinin bölmələrinə daxil ediləcəyi qeyd edilib.
Baş Qərargah rəisi vurğulayıb ki, yeni zirehli texnikanın ordu sıralarına daxil edilməsi bölmələrin yerdəyişmə və manevr imkanlarını, atəş gücünü və piyadaların döyüş meydanında qorunmasını əhəmiyyətli dərəcədə artıracaq.
“Lazar 3M” zirehli döyüş maşını uzaqdan idarə olunan 30 mm-lik döyüş modulu ilə təchiz edilib. Bu modul düşmənin canlı qüvvələrinə, silahlarına, zirehsiz və yüngül zirehli texnikalarına qarşı nəzərdə tutulub. Modul, həmçinin vəziyyətin qiymətləndirilməsi, kəşfiyyat və hədəf tanınması kimi imkanlar da yaradır. Bu xüsusiyyətlər “Lazar 3M”ə Serbiya Silahlı Qüvvələrinin xidmətində olan oxşar maşınlarla müqayisədə üstün döyüş qabiliyyəti verir.