Çexiya Ordusu “Pandur II” zirehli döyüş maşınlarını əvəz etməyi planlaşdırır

Çexiya Ordusu “Pandur II” zirehli döyüş maşınlarını əvəz etməyi planlaşdırır

Çexiya Ordusu “Pandur II” zirehli döyüş maşınlarını əvəz etməyi planlaşdırır.

“Poliqon” “Future Army” nəşrinə istinadən xəbər verir ki, Çexiya Ordusunun Baş Qərargahı 2025-ci ilin iyun ayına qədər yeni təkərli piyada döyüş maşını (PDM) üçün tələblərin siyahısını Çexiya Müdafiə Nazirliyinə təqdim etməli idi.

Lakin qurum bu müddətin ilin sonuna qədər uzadıldığını açıqlayıb.

Çexiya Ordusu hazırda əsasən Jatetsdəki yüngül mexanikləşdirilmiş briqadanın tərkibində yüzdən artıq “Pandur II” 8×8 zirehli döyüş maşınını bir neçə versiyada idarə edir. Ancaq onların əhəmiyyətli hissəsinin xidmət müddətinin son üçdə birində olduğundan, Çexiya Ordusunun Baş Qərargahı bu döyüş maşınlarına əvəzedici axtarır.

Qeyd edək ki, “Pandur II” müasir çoxməqsədli təkərli döyüş zirehli maşınıdır. Döyüş maşını Avstriyanın “General Dynamics European Land Systems-Steyr GmbH” şirkəti tərəfindən hazırlanıb və istehsal edilir. Avstriya, Portuqaliya və Çexiya ordularında silahlanmaya qəbul edilib. O, Portuqaliya Silahlı Qüvvələri üçün Portuqaliyanın “Fabrequipa” şirkəti tərəfindən lisenziya əsasında istehsal olunur. Döyüş maşını, həmçinin Çexiya Silahlı Qüvvələri üçün Novy Jicində yerləşən müəssisədı lisenziyası əsasında yığılır.

Döyüş maşınının platforması zirehli transportyor, 105 mm-lik toplu piyada atəş dəstəyi maşını, özüyeriyən minaatan, komandirin döyüş maşını, komanda-qərargah maşını, zirehli tibbi maşın, döyüş kəşfiyyatı maşını və zirehli təmir-təxliyyə maşını kimi silah növlərinin hazırlanmasına imkan verir.

Nəşrin xəbərinə görə, Çexiya Ordusunun Baş Qərargah rəisi ordu generalı Karel Rjexkanın Çexiyanın “Tatra” şirkəti tərəfindən təklif olunan modernləşdirilmiş “Pandur EVO” tipli platforma ilə əvəzlənməsinin xeyrdən çox zərər verəcəyini əsas gətirərək ordunun hazırkı döyüş maşınının istismarını davam etdirmək istəmədiyini açıq-aydın göstərir.

Bundan irəli gələrək Çexiya Ordusu beynəlxalq tenderin keçirilməsi planlaşdırır. Bununla əlaqədar Almaniyanın “Rheinmetall”, Finlandiyanın “Patria” və Çexiyanın “Tatra” şirkətləri, “Pandur II” zirehli döyüş maşınını əvəz etmək üçün müqavilə uğrunda mübarizəyə giriblər. Belə ki, “Rheinmetall”, “Patria” və “Tatra” şirkətləri 28-30 may 2025-ci il tarixlərində Brnoda keçirilən IDET-2025 beynəlxalq sərgisində Slovakiyanın EVPU şirkətinin TURRA 30 qülləsinin yeni V10 versiyasının döyüş modulları ilə təchiz olunmuş piyada döyüş maşınlarını təqdim ediblər. Beləliklə, ehtimal ki, Çexiya Ordusu üçün gələcək təkərli piyada döyüş maşını üçün tender uğrunda mübarizəyə artıq başlanıb.

“Rheinmetall” şirkəti sərgidə özünün Slovakiyanın TURRA 30 döyüş modulu ilə təchiz olunmuş Boxer təkərli piyada döyüş maşını təqdim edib. Modul 30 mm-lik “Bushmaster II” avtomatik topu, cütləşdirilmiş 7,62 mm-lik pulemyot və “Spike LR2” tank əleyhinə idarə olunan raketlər üçün ikili buraxma qurğusu ilə silahlandırılıb. Atəşi idarəetmə sisteminə tuşlayıcının elektro-optik nişangahı və komandir üçün panoramik müşahidə və tuşlama sistemi daxildir.

Modul bir neçə sistemdən ibarət situasiya məlumatlılığı kompleksi ilə təchiz edilib. Birincisi, tank əleyhinə raketlərin buraxılışını aşkar etmək üçün ultrabənövşəyi sensorlar sistemidir ki, raketin (reaktiv mərminin) mühərrikləri işə salındıqda alışmanı qeydə alır. İkincisi, xarakterik səsə və alışmaya reaksiya verən və atəşin haradan gəldiyini müəyyən etməyə imkan verən atış aşkarlama sistemidir. Üçüncü sistem HARPIA aktiv mühafizə kompleksində istifadə olunanlara bənzər bir neçə kiçik radardır.

Eyni zamanda, “Defense Industry Europe” nəşri bildirir ki, “Rheinmetall” şirkəti Çexiya müqaviləsi üçün birbaşa “Patria” və “Tatra” şirkətləri ilə rəqabət aparmaq niyyətində deyil, lakin “oxşar imkanlar axtaran digər gələcək müştərilər üçün potensial həll yolu” nümayiş etdirir.

“Patria” şirkəti isə öz növbəsində, yerli istehsalı Slovakiyada qurulmuş Patria AMV XP təkərli piyada döyüş maşınını təqdim edib. O, “Boxer” piyada döyüş maşınının konfiqurasiyasına oxşar TURRA 30 döyüş modulu ilə təchiz olunub.

“Tatra” şirkəti sərgidə ilk dəfə olaraq istehsalı Çexiyada yaradılmış yeni “Pandur 8×8 EVO” təkərli piyada döyüş maşınını təqdim edib. Maşın rəqiblərin döyüş maşınlarında olduğu kimi oxşar konfiqurasiyalı TURRA 30 döyüş modulu ilə təchiz olunub, lakin modul əlavə olaraq İsrailin “Iron Fist” aktiv mühafizə kompleksi ilə təchiz olunub. Eyni zamanda, atəşi aşkaretmə sistemi yoxdur. Həmçinin maşının özündə dron əleyhinə radioelektron mübarizə sistemlərinə xas olan antenaları görmək mümkündür.

Beləliklə, çox yaxın gələcəkdə Çexiya Ordusunun Pandur II zirehli döyüş maşınlarının əvəz edilməsi üçün keçirəcəyi tenderinin qalibi ilə tanış ola biləcəyik.

Əhəd Vahidoğlu

CATEGORIES