Sərdar Görgüc: “Otokar” Bolqarıstanda istehsal imkanlarını genişləndirməyi hədəfləyir

Sərdar Görgüc: “Otokar” Bolqarıstanda istehsal imkanlarını genişləndirməyi hədəfləyir

Türkiyənin “Otokar” şirkəti Bolqarıstanın Plovdiv şəhərində 01-04 iyun tarixlərində keçirilən HEMUS-2022 sərgisində özünün “Arma 8×8” amfibiya tipli zirehli döyüş maşınını nümayiş etdirib.

Bu barədə “Poliqon”a “Otokar” şirkətindən məlumat verilib.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, “Otokar” mütəxəssisləri tərəfindən yerli imkanlar hesabına istehsal edilən zirehli maşınlar 5 qitədə aktiv şəkildə istifadə edilir. Onun sözlərinə görə, NATO və BMT təchizatçısı kimi “Otokar”ın hərbi maşınları 35-dən çox ölkədə 55-dən çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafiyi ərazilərdə aktiv şəkildə xidmətdədir.

“Quru sistemlərində və əlaqəli Ar-Ge (araşdırma və inkişaf), mühəndislik və sınaq fəaliyyətlərində, döyüşdə sübut edilmiş “nou-hau”, eləcə də geniş məhsul çeşidimiz bizi qlobal müdafiə sənayesində ön sıralara aparır”, – deyə “Otokar” şirkətinin baş direktoru vurğulayıb.

Sərdar Görgüç sərginin əhəmiyyətini də diqqətə çatdırıb: “Biz müasir orduların və təhlükəsizlik qüvvələrinin cari və gələcək tələblərini nəzərə alaraq quru sistemlərində innovativ həllər təqdim edir, Bolqarıstan Silahlı Qüvvələrinin yerli istehsal imkanları üçün mövcud olan tələblərinə cavab verməyi hədəfləyirik. Bu mənada HEMUS sərgisi xüsusi əhəmiyyət daşıyır”.

ARMA 8×8

“Otokar” şirkətinin HEMUS-2022 sərgisində nümayiş etdirdiyi “Arma 8×8” təkər formuluna malik zirehli maşını üstün hərəkət qabiliyyətinə malikdir. Yüksək mina və ballistik mühafizə təmin edən “Arma 8×8” zirehli maşının dizaynı ona orta və yüksək çaplı silah sistemlərinin inteqrasiyasına imkan verir. “Arma 8×8” xüsusilə yükgötürmə qabiliyyəti və geniş daxili həcmi ilə seçilir. Yüksək taktiki və texniki xüsusiyyətlərə malik “Arma 8×8” ən çətin ərazi və iqlim şəraitində döyüş meydanlarında, sülhməramlı və humanitar yardım əməliyyatları üçün müasir ordularda xidmət etmək qabiliyyətinə malikdir.

“Arma 8×8” zirehli transportyorun müxtəlif konfiqurasiyaları mövcuddur. “Arma 8×8” ehtiyaclara uyğun olaraq müxtəlif silah stansiyaları və pilotlu/pilotsuz qüllələrlə təchiz oluna, eləcə də müxtəlif silah sistemləri avtomobilə inteqrasiya oluna bilər.

Qeyd edək ki, bu günədək ikidən çox müştəriyə çatdırılan “Arma 8×8” müxtəlif konfiqurasiyalarda 400 ədəddən çox istehsal edilib və hazırda seriyalı istehsalı davam etdirilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS