
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında “Məkkə” birgə müdafiə sazişi imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sazişi Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif imzalayıb.
Sənəd üç ölkə arasında mövcud olan tarixi əlaqələrə, qardaşlıq və İslam həmrəyliyi prinsiplərinə, ortaq strateji maraqlara və uzunmüddətli müdafiə əməkdaşlığına əsaslanır. Bu saziş tərəflərin kollektiv təhlükəsizliyin daha da gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi istiqamətində birgə öhdəliklərini təsdiqləyir.
Sazişə əsasən, üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək. Bununla yanaşı, sənəd kollektiv çəkindirmə imkanlarının artırılmasını və Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsini nəzərdə tutur.




