Səudiyyə Ərəbistanında təkərli 155 mm-lik ÖAQ yaradılıb

Səudiyyə Ərəbistanında təkərli 155 mm-lik ÖAQ yaradılıb

Səudiyyə Ərəbistanının “Saudi Arabian Military Industries” (SAMİ) şirkəti “World Defense Show 2024” beynəlxalq sərgisində özünün yeni 155 mm təkərli özüyeriyən artilleriya qurğusunu (ÖAQ) təqdim edib.

“Poliqon” SAMİ şirkətinə istinadən xəbər verir ki, yeni özüyeriyən haubitsa hazırda Səudiyyə Ərəbistanının Silahlı Qüvvələrində sınaqdan keçirilir. Bu yeni inkişaf SAMİ şirkəti ilə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin birgə səyinin nəticəsidir və ölkənin daxili innovasiyaları vasitəsilə müdafiə qabiliyyətini artırmaq öhdəliyini özündə tərənnüm edir.

Bu strateji addım SAMİ-ni öz təkmil artilleriya həlli ilə Fransanın CAESAR və Almaniyanın RCH 155 ÖAQ-larından üstünlüyünə meydan oxuyaraq, Avropanın müdafiə nəhəngləri ilə birbaşa rəqabət aparmağa imkan verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olan Səudiyyə Ordusu və Milli Qvardiya hazırda KNDS (“Krauss-Maffei Wegmann и Nexter Systems”) holdinqinin tərkib hissəsi olan “Nexter” (Fransa) şirkətinin CAESAR (Camion équipé d’un système d’artillerie) ÖAQ-ından istifadə edir (“The Military Balance 2022” məlumatına əsasən 136 ədəd). Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin silahlanmasında olan CAESAR ÖAQ ordu üçün 6×6 “Sherpa” yük maşını və Milli Qvardiya üçün isə “Unimog” şassisində olmaqla iki fərqli modeldə hazırlanmışdır.

Bundan başqa, çoxsaylı yedəyə alınan artilleriya sistemləri və CAESAR ÖAQ ilə yanaşı Səudiyyə Ərəbistanı Quru Qoşunlarının silahlanmasında Çin istehsalı 54 ədəd 155 mm-lik PLZ-45, ABŞ istehsalı 155 mm-lik 110 ədəd M109A2 və 48 ədəd M109A2, eləcə də miqdarı məlum olmayan M109A6 “Paladin”, həmçinin Fransa istehsalı 155 mm-lik 78 ədəd GCT və 51 ədəd AUF1 özüyeriyən artilleriya qurğuları yer alır.

SAMİ-nin özüyeriyən artilleriya qurğusu 8×8 təkər formullu TATRA şassisində (Çexiya) yaradılıb və Səudiyyə Ərəbistanının müdafiə sənayesi üçün irəliyə doğru mühüm addımdır. Səudiyyə Ərəbistanının müdafiə sənayesi şirkətləri indi Avropa istehsalı olan təkərli haubitsalarla rəqabət aparmağa çalışırlar.

Yeni haubitsanın ön tərəfində heyət üçün zirehli kabina, arxada isə 155 mm-lik haubitsa yerləşdirilib. Qurğu yarımavtomatik doldurma sistemi, eləcə də atım və mərmilər üçün döyüş yığımı təchiz olunub.

Döyüş sursatlarının daşınan döyüş dəsti ilə bağlı konkret təfərrüatlar açıqlanmasa da, ÖAQ Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin arsenalına əhəmiyyətli əlavə olacağını vəd edir.

Özüyeriyən qurğu heyət kabinasının daxilində və xaricində dəqiq tuşlama və atəş əməliyyatlarını həyata keçirməyə imkan verən mürəkkəb kompüterləşdirilmiş atəşə nəzarət sistemini özündə birləşdirir. Qeyd edək ki, ÖAQ müxtəlif döyüş sursatları ilə, o cümlədən standart 155 mm-lik mərmilər, GPS ilə idarə olunan mərmilər və ABŞ istehsalı M982 “Excalibur” atəş yığımının yerli versiyası ilə silahlandırılıb.

SAMİ-nin “World Defense Show 2024” sərgisində təqdimatı təkcə yeni özüyeriyən haubitsa nümayiş etdirməmiş, həm də Səudiyyə Ərəbistanının müdafiə sənayesinin ən müasir döyüş maşınlarının hazırlanması və istehsalında imkanlarının genişliyini nümayiş etdirmişdir. Bu inkişaf Səudiyyə Ərəbistanının müdafiə sənayesində özünəgüvənmə cəhdində həlledici məqamdır və qlobal silah bazarında rəqabətin yeni dövrünün siqnalını verir.

Əhəd Vahidoğlu

CATEGORIES