Səfərbərlik Xidməti ordu üçün yeni ixtisaslar üzrə mütəxəssislər hazırlayacaq

Dövlət Xidməti yeni təlim təyyarələri və helikopterlər alacaq

Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) tərəfindən Silahlı Qüvvələr üçün kadrların hazırlanması məqsədi ilə layihələr həyata keçiriləcək. Bu barədə “AzeriDefence” öz hərbi mənbələrinə istinadən məlumat verib.

Dövlət Xidməti bu çərçivədə keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin dayanmış layihələrini Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi vasitəsi ilə davam etdirməyi, eyni zamanda təlim maddi-texniki bazasını gücləndirməyi planlaşdırır. Artıq bununla bağlı təkliflər hökumətlə müzakirə olunur.

Növbəti ildən bu sahədə bir sıra yeni addımların atılması nəzərdə tutulur. Regionlarda fəaliyyətə başlayacaq mərkəzlər müxtəlif peşələr üzrə Silahlı Qüvvələr üçün mütəxəssislər hazırlamaq üçün müasir hərbi texniki vasitələr, təlim vasitələri və trenajorlar ilə təchiz olunacaq. Bundan başqa, pilotların hazırlanması, havaçılığın inkişaf etdirilməsi üçün SHÇDX tərəfindən yeni təlim təyyarələri, helikopterlər və digər uçuş aparatlarının alınması gözlənilir.

Qeyd edək ki, SHÇDX cari ilin fevral ayında yaradılıb. Cari ilin iyun ayında Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti fəaliyyətini dayandıraraq SHÇDX-nin tərkibinə keçmək barədə qərar qəbul edib. İyul ayında isə SHÇDX-nin tabeliyində, keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin bazasında “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yaradılması barədə qərar qəbul edilib.

CATEGORIES