SHXÇDX-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

SHXÇDX-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərin unudulmaz xatirəsi ehtiramla yad edilib.

20 Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində SHXÇDX-nin Aparatının, həmçinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin inzibati binalarında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgi – guşələr təşkil edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçirilən tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev xalqın istiqlal tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələrinin müstəqillik uğrunda Azərbaycan xalqının apardığı milli azadlıq hərəkatının zirvəsi olduğunu bildirib. Z.Abdullayev 20 Yanvar faciəsini törədənləri kəskin ittiham edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Z.Abdullayev xalq tərəfindən bu hadisələrin iştirakçılarının xatirələrinin hər zaman qürur və ehtiramla yad edildiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən ölkənin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş, sağlamlığını itirmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi qayğı göstərildiyini diqqətə çatdırıb.

Çıxış edən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov XX əsrin 80-ci illərinin sonlarında ermənilərin Azərbaycana ərazi iddialarına dəstək verən SSRİ rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq yumruq kimi birləşən Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar hadisələrinin istiqlala gedən yolda ilk qığılcımlar olduğunu bildirib. O qeyd edib ki, Sovet imperiyasını ifşa edən ulu öndər Heydər Əliyev o ağır günlərdə 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xalqın səsi olub.

20 Yanvar ictimai birliyinin sədri Sultan Əzimzadə çıxışında faciə zamanı şəhid olanların ailə üzvləri və xəsarət almış iştirakçıların  dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını bildirib. Təmsil etdiyi təşkilatın bu şərəfli tarixin təbliğ edilməsi istiqamətində rolundan danışıb.

Tədbirdə iştirak edən TOHGMİB sədri Emin Həsənli milli dövlətçilik tarixinin əlamətdar səhifələrindən olan 20 Yanvar hadisələri barədə fikirlərini bölüşüb.

CATEGORIES