Xəbərlər

SHXÇDX rəisi: Kadr siyasəti hər bir qurum üçün prioritet məsələlərdən biridir

Hazırda xidmətdə olan hərbi qulluqçular peşəkar səviyyələrinin artırılması məqsədilə daimi əsaslarla təşkil olunmuş kurslarda iştirak edərək, qanunvericilik və İT sahəsi üzrə biliklərinin səviyyələrini artırırlar.

“Poliqon” xəbər verir ki, bunu APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov deyib.

“Bundan əlavə, şəxsi heyətin stimullaşdırılması üçün vəzifə artırmaları və növbəti, yaxud vaxtından əvvəl rütbələrin verilməsi, eləcə də rotasiya məsələləri də həll olunur. Kadr siyasəti hər bir qurum üçün prioritet məsələlərdən biridir. Son 3 ildə Dövlət Xidmətində həqiqi hərbi xidmətə 414 nəfər hərbi qulluqçu kimi, 504 nəfər isə mülki işçi kimi işlə təmin olunub. Bunlardan 93 nəfər Vətən Müharibəsi iştirakçısı, 11 nəfər isə şəhid ailələrinin üzvləridir. Xidmətə işə qəbul tam şəffaf şəkildə aparılır, ilk olaraq namizədlər Xidmətin daxilində yaradılmış müsahibə komissiyasına çıxarılır, burada onların tərcümeyi-halında olan məlumatlar dəqiqləşdirilir, dünya görüşü, intellektual səviyyəsi və davranışı öyrənilir, İT sahəsi üzrə bilikləri yoxlanılır. Müsbət nəticələr əldə edən namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda iştirak edir və keçid ballarını toplamış namizədlərin siyahısı Xidmətə daxil olur. Bu yerdə mən DİM rəhbərliyinə və oranın işçilərinə minnətdarlığımı bildirmək istəyirəm ki, bu prosesdə bizə çox böyük dəstək göstərirlər. Xidmətə hərbi qulluqçu kimi götürüləcək namizədlər müvafiq qaydada tibbi şəhadətləndirilir, onların barəsində müvafiq yoxlanış tədbirləri həyata keçirilir. Bütün bu proseslərdən müsbət nəticə ilə çıxan və hər hansı nüfuzdan salan məlumatlar daxil olmayan şəxslər haqqında müvafiq qaydada qərarlar qəbul olunur. Xüsusi vurğulamaq istərdim ki, hərbi qulluqçu kimi xidmətə götürüləcək şəxslər mütləq qaydada respublikanın istənilən bölgəsində xidmət etməsi ilə bağlı öhdəlik götürür. Bu kateqoriya üzrə namizədlər püşkatmada iştirak edərək xidmət yerləri müəyyənləşdirilir. Gördüyünüz kimi, proses tam şəffaf formada həyata keçirilir. Bir sözlə, Xidmət savadlı kadrların xidmətə və ya işə götürülməsində maraqlıdır və bu məsələ daimi nəzarətdə saxlanılır”, – deyə SHXÇDX rəisi vurğulayıb.

Back to top button