“Sikorsky” şirkəti UH-60L “Black Hawk”ı pilotsuz helikopterə çevirib

“Sikorsky” şirkəti UH-60L “Black Hawk”ı pilotsuz helikopterə çevirib

ABŞ-ın “Sikorsky” şirkəti UH-60L “Black Hawk” helikopterini S-70UAS “U-Hawk” pilotsuz helikopterinə çevirib.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, konsepsiya çərçivəsində işlər 10 ay ərzində həyata keçirilib.

“Sikorsky”ın vitse-prezidenti və baş meneceri Riç Benton bildirib ki, şirkət UH-60L “Black Hawk” helikopterlərini tam pilotsuz, çoxməqsədli platformaya çevirməklə 21-ci əsr üçün innovativ bir həll təqdim edir: “Biz bu prototipi bir il ərzində reallaşdırdıq və etdiyimiz dəyişikliklər “Black Hawk” helikopterlərini “U-Hawk” konfiqurasiyasına tez və nisbətən ucuz şəkildə çevirməyə imkan verir. “U-Hawk”, “Black Hawk”ın dünyada aparıcı çoxməqsədli helikopter statusunu davam etdirərək yeni pilotsuz imkanların qapısı açır”.

UH-60L helikopterlərinin “U-Hawk” versiyasına çevrilməsi “Sikorsky Innovations” tərəfindən aparılan sürətli prototipləmə proqramı çərçivəsində həyata keçirilir və ilk uçuşun 2026-cı ildə baş tutması planlaşdırılır.

Kokpit və daxili komponentlər çıxarıldığı üçün “U-Hawk”, UH-60L “Black Hawk” helikopterinə nisbətən 25% daha çox yük sahəsinə malikdir. “U-Hawk” PUA-sının ön hissədən yüklənmə imkanı və əlavə istifadə edilə bilən kabinə sahəsi maksimum icazə verilən uçuş çəkisinə qədər böyük ölçülü yüklərin daşınmasına şərait yaradır. Şirkət bu məqsədlə helikopterin kokpit hissəsini açılan “clamshell” tipli qapılar və rampa ilə əvəz edib, ənənəvi uçuş idarəetmə sistemlərini isə MATRIX avtonom idarəetmə texnologiyası ilə inteqrasiya olunmuş üçüncü nəsil, ucuz “fly-by-wire” sistemi ilə dəyişdirib.

Sadə bir planşet vasitəsilə operator “U-Hawk” pilotsuz helikopterinə başlanğıcdan son dayanma anına qədər tam nəzarət edə bilir. Operatorun bir düyməyə toxunması ilə hər iki qapaqlı qapı açılır və rampa enir ki, bu da yükün asanlıqla yüklənməsinə və ya texnikanın içəri daxil olmasına imkan verir. Uçuşa hazırlaşarkən bu proses avtomatik şəkildə əksinə icra olunur. Yük yerləşdirildikdən sonra operator planşet vasitəsilə tapşırığı daxil edir. MATRIX sistemi isə kameralar, sensorlar və alqoritmlərdən istifadə edərək avtomatik marşrut planlaşdırır və pilotsuz helikopteri təhlükəsiz şəkildə təyinat nöqtəsinə yönəldir.

AUSA-2025 sərgisində nümayiş etdirilən S-70UAS “U-Hawk”ın geniş yük sahəsi aşağıdakı imkanları təmin edir:

  • Hava-quru əməliyyatları – “HDT Hunter Wolf 6×6” kimi yerüstü robotlar helikopterə daxil edilə və çıxarıla bilər;
  • Yük daşınması – Hal-hazırda mümkün olan iki ədəd əvəzinə dörd ədəd “Joint Modular Intermodal Container” daşına bilər;
  • Raket daşınması – HIMARS raket sistemi üçün altı raketdən ibarət pod və ya iki ədəd “Naval Strike Missiles” (NSM) raketi daşımaq mümkündür;
  • Uçuş zamanı əlavə vasitələr – Kabinə bərkidilmiş buraxılış qurğularından sensor və sursat daşıyan uçuş vasitələri buraxıla bilər;
  • Uçuş məsafəsi və davamlılıq – 1600 dəniz mili məsafəyə öz gücü ilə uçma və ya 14 saata qədər havada qalma qabiliyyətinə malikdir (yanacaq doldurmadan).
CATEGORIES
TAGS