
“Sikorsky” şirkətinin yeni NOMAD PUA ailəsi təqdim olunub
“Lockheed Martin”in tərkibinə daxil olan “Sikorsky” şirkəti vertikal qalxma və enmə (VTOL) qabiliyyətinə malik yeni NOMAD pilotsuz uçuş aparatları (PUA) ailəsini təqdim edir.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, cəmi bir il əvvəl sınaq uçuşu zamanı səmərəliliyini və etibarlılığını sübut edən iki rotorlu NOMAD PUA, həm helikopterin çevikliyini, həm də təyyarənin sürət və məsafə imkanlarını özündə birləşdirir.
O, vertikal qalxa, havada asılı qala və enə, habelə uzun müddət kruiz rejimində uça bilir. PUA, MATRIX avtonom idarəetmə texnologiyası vasitəsilə idarə olunur və əsasən hibrid-elektrik mühərriklərdən istifadə edir. Onun daha böyük variantları isə ənənəvi ötürücü sistemlə təchiz ediləcək.
“Sikorsky” 2025-ci ilin mart ayında 10.3 fut qanad açıqlığına malik NOMAD 50 prototipinin uzunmüddətli uçuş sınağını uğurla həyata keçirib. Hazırda isə şirkət 18 fut qanad açıqlığına malik NOMAD 100 prototipini istehsal edir. Bu, 3-cü qrup kateqoriyalı variantdır və ilk uçuşun yaxın aylarda baş tutması gözlənilir.
NOMAD PUA-lar kəşfiyyat, yüngül zərbə əməliyyatları, çətin şəraitdə logistika və digər tapşırıqlar üçün nəzərdə tutulub. NOMAD ailəsi 3-cü qrup PUA-dan (56 funtdan 1.320 funta qədər) 4/5-ci qrup PUA-ya (1.320 funt və yuxarı) qədər miqyaslana bilər.