“Silk Way” və “World Airways” ABŞ hərbi qüvvələrinin yükünü birgə daşıyacaq
ABŞ-ın “World Airways” şirkəti ilə Azərbaycanın “Silk Way Airlines” şirkəti arasında ABŞ hərbi qüvvələri üçün böyük ölçülü yüklərin daşınmasınma dair saziş imzalanıb. “World Airways”-ın ana şirkəti olan “Global Aviation Holdings”dən ADN-ə verilən məlumata görə, saziş çərçivəsində bu aydan başlayaraq yükdaşıma xidmətləri başlayacaq.
““Silk Way”ın qeyri-ənənəvi istiqamətlərə böyük həcmli yük daşınmasında təcrübəsi bizim hərbi dəstək proqramı üçün çox mühüm əlavədir. Biz bu şirkətlə əməkdaşlıq etməyə çox şadıq” – deyə “Global Aviation Holdings”in icraçı direktor Rob Binns bildirib.
“Silk Way Airlines” şirkətinin prezidenti Zaur Axundov isə bildirib ki, “World Airways” “Silk Way”ın uzunmüddətli təcrübəsindən istifadə edə bilər: “ Biz “World Airways” və “North American Airlines” mövcüd marşrutlardan, eləcə də Bakıdan aviamərkəz kimi istifadə edərək, ABŞ hərbi qüvvələri üçün əlavə xidmətləri göstərməyə hazırıq”.
Məlumatda qeyd olunub ki, “World Airways” 1955-ci ildən ABŞ Silahlı Qüvvələri üçün sərnişin və yük daşıma xidmətləri göstərir. Şirkət tərəfindən daşımalarda B747-400 yük təyyarəsi və MD-11 sərnişin və yük təyyarəsindən istifadə olunur. “Global Aviation”un filialı sayılan “North American Airlines” də hərbi yüklərin və şəxsi heyətin daşınması ilə məşğuldur.
Azərbaycanın “Silk Way Airlines” şirkəti isə İraqa, Əfqanıstana və digər ölkələrə çarter uçuşları gerçəkləşdirir. Şirkətin avia parkına “İl-76”, “An -12” və “Boeing 747-400”yük təyyarələri daxildir.