Şimali Koreya İl-76 bazasında AWACS təyyarəsi hazırlayır
Şimali Koreya İl-76 nəqliyyat təyyarəsi bazasında uzaq mənzilli radiolokasiya aşkaretmə təyyarəsi hazırlayır.
“Poliqon” “38 North” nəşrinə istinadən xəbər verir ki, İl-76 təyyarəsinin ehtimal olunan modernləşdirilməsi Şimali Koreya mülki aviasiyasının əhəmiyyətli donanmasına ev sahibliyi edən Sunan Beynəlxalq Hava Limanının ərazisində aparılır.
Nəşr qeyd edir ki, modernləşdirilən İl-76 təyyarəsinin özü Şimali Koreya Hərbi Hava Qüvvələrinə (HHQ) daxil deyil, lakin “Air Koryo” aviaşirkəti tərəfindən istifadə edilən bu tipli üç təyyarədən biridir. Təxminən ötən ilin oktyabrında o, hava limanının texniki xidmət sahəsinə köçürülüb və bir neçə gün ərzində onun ətrafında hasar çəkilib. Təyyarənin modernləşdirilməsinə 2023-cü ilin noyabrında, bu təyyarənin yaxınlığında ilk işlərin görüldüyü vaxt başlanıb.
Nəşrin dərc etdiyi 15 iyul 2024-cü il tarixli kommersiya peyk görüntüləri göstərir ki, təyyarə hasarlanmış ərazidədir, yanında naməlum avadanlıq var. Bundan başqa, İl-76 gövdəsinin yuxarı hissəsində antenna massivinin quraşdırıldığı xüsusi altlığa bənzəyən bərkidicilər görünür. İşin dəqiq mahiyyətini təkcə görüntülərlə yoxlamaq mümkün olmasa da, görünür ki, təyyarəyə havadan xəbərdarlıq və idarəetmə sistemi (Airborne Warning and Control System – AWACS) və ya havadan erkən xəbərdarlıq (Airborne Early Warning – AEW) sistemi üçün altlıq quraşdırılır. Bənzər prinsipə görə, İl-76 bazasında A-50 DRLV təyyarəsi 1970-ci illərdə keçmiş SSRİ-də hazırlanmışdır.
Modernləşdirmənin bu tip təyyarələrin hazırlanması və modernləşdirilməsində təcrübəyə malik olan rus və ya çinli mütəxəssislərin cəlb edilməsi ilə aparıldığı hələlik məlum deyil.
Şimali Koreya HHQ-də AWACS təyyarələrinin olmaması Cənubi Koreyanın dənizdəki fəaliyyətlərinin monitorinqi ilə bağlı imkanlarını, eləcə də Yaponiya Özünümüdafiə Qüvvələrinin fəaliyyətinə nəzarət etmək imkanlarını uzun müddət məhdudlaşdırıb. Bundan başqa, təyyarə Şimali Koreyanın son vaxtlar daha müntəzəm olaraq həyata keçirilməyə başladığı raket sınaqlarında da iştirak edə biləcək.
İl-76 təyyarəsinin belə bir modifikasiyası başa çatdırılarsa, təyyarə Şimali Koreya ordusu tərəfindən idarə olunan, aşkarlama imkanlarını təkmilləşdirən və yerüstü radiolokasiya stansiyalarını tamamlayan ilk platforma olacaq.
Qeyd edək ki, İl-76 təyyarəsinin belə bir hava platformasına çevrilməsi Sovet İttifaqında 1970-ci illərdə həyata keçirilib və nəticədə yaranan təyyarə A-50 adlandırılıb. NATO tərəfindən ona “Mainstay” adı verilib. Təyyarə 2003-cü ildə modernləşdirilib və ona A-50U indeksi verilib.
A-50U təyyarəsini Pxenyanda aparılan işlərlə müqayisə etsək, Şimali Koreyanın İl-76 təyyarəsində görünən radiolokasiya stansiyasının dayaqları A-50U təyyarəsində olanlarla eyni yerdə olduğunu müşahidə etmək olar.
“Uçan radar” adlandırılan A-50 “Şmel” təyyarəsi İl-76 hərbi-nəqliyyat təyyarəsinin bazasında G.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksdə Moskva Elmi-Tədqiqat Cihazqayırma İnstitutu ilə birlikdə o dövrdə köhnəlmiş Tu-126 “Liana” (NATO təsnifatına görə “Moss”) təyyarəsini əvəz etmək üçün yaradılıb. O, 1989-cu ildə keçmiş SSRİ HHQ-inin silahlanmasına qəbul edilib. Seriyalı istehsalı Daşkənddə (Özbəkistan) V.P.Çkalov adına zavodda həyata keçiriliib.
Üzərində quraşdırılmış “Şmel” radiotexniki kompleksi ilə birlikdə A-50 aviasiya radiolokasiya aşkarlama və tuşlama kompleksini təşkil edir. A-50, A-50M, A-50İ, A-50Eİ və A-50U kimi modifikasiyaları mövcuddur.
A-50 təyyarəsi hava, böyük yerüstü və dəniz hədəflərinin aşkar edilməsi, izlənilməsi və mənsubiyyətinin müəyyən edilməsi, onlar haqqında komanda məntəqələrinə məlumatların verilməsi, qırıcıların hava hədəflərinə, cəbhə aviasiyası təyyarələrinin isə quru və dəniz hədəflərinə tuşlanması üçün təyin edilib.
Hazırda Rusiya (A-50 və A-50U modifikasiyaları) və Hindistan (A-50Eİ modifikasiyası) Hərbi Hava Qüvvələrinin silahlanmasındadır.
Bəzi mənbələr səhvən A-50 təyyarəsinin başqa bir operatorunu – İranı göstərirlər. Əslində isə bu onların İl-76MD bazasında inkişaf etdirdikləri “Adnan-2” adlı AWACS təyyarəsidir.
Əhəd Vahidoğlu