Şimali Koreya “İsgəndər” kompleksinin analoqunu sınaqdan keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni silahlar hazırlamağa və sınaqdan keçirməyə davam edir. Şimali Koreya ordusu iki naməlum raketin növbəti sınaq buraxılışını həyata keçirib.
Bu barədə “Poliqon” KXDR Mərkəzi teleqraf agentliyinə (KCNA) istinadən məlumat verib.
“Yonhap” xəbər agentliyi yazır ki, Cənubi Koreya Müdafiə Nazirliyinin verdiyi məlumata görə iki raket Yapon dənizinə doğru buraxılıb, onlar 110 kilometr uçaraq dənizə düşüb. Raketlərin uçuş hündürlüyü 25 km, sürəti isə 4 Mach olub.
Cənubi Koreyalı ekspertlər ehtimal edirlər ki, Pxenyan Rusiyanın “İskəndər-M” əməliyyat-taktiki raket kompleksinin (ƏTRK) analoqu olan təkmilləşdirilmiş KN-23 ballistik raketini sınaqdan keçirib. Raketin uçuş məsafəsi 400-600 km-ə bərabərdir.
Şimali Koreya keçirilən sınaqları təsdiqlənib. KCNA məlumatına görə, şənbə günü taktiki nüvə silahlarından istifadənin effektivliyini artırmaq üçün nəzərdə tutulmuş yeni taktiki idarəolunan silah sistemi sınaqdan keçirilib.
Qeyd edək ki, KN-23 ballistik raketdir, aşağı trayektoriya ilə (bəzən kvaziballistik və ya aeroballistik kimi adlandırılır) uçmaq üçün təyin edilib. Belə trayektoriya uçuş müddətini qısaltmağa, bəzi radarların nəzərindən kənarda uçmağa və manevr etməyə imkan verir.
Yeni sursat bərk yanacaqlı mühərriklə təchiz edilib və ölçülərinə görə, həqiqətən də o, çəkisi 2,5 tona qədər olan döyüş başlığına malik ola bilər. Bu da çox ağır fuqas və ya kasset atımı quraşdırmağa imkan verir. Raketdə termonüvə atımından da istifadə etmək mümkündür. Hətta adi atımda yüksək vuruş dəqiqliyini nəzərə alsaq, o, həm yüksək müdafiə olunan, həm də sahə hədəflərini məhv edə bilər.
Əhəd Əzizov




