Şimali Koreya Ordusuna çox sayda “Hwasong-11D” raket kompleksi tədarük edilib
Şimali Koreyada “Hwasong-11D” əməliyyat-taktiki raket komplekslərinin (ƏTRK) böyük partiyasının Orduya rəsmi təhvil verilməsi mərasimi keçirilib.
“Poliqon” KCNA agentliyinə istinadən xəbər verir ki, Pxenyanda ölkə lideri Kim Çen Inın iştirakı ilə keçirilən təntənəli mərasimdə Koreya Xalq Ordusu NATO təsnifatında “Hwasong-11D” (və ya KN-24) kimi tanınan yeni “Hwasongpho-11Ra” qısa mənzilli raket komplekslərini alıb.
KCNA agentliyi “Hwasong-11D ƏTRK-nin 250 ədəd mobil buraxma qurğusundan ibarət böyük partiyasının Cənubi Koreya ilə cəbhə xəttində yerləşən hərbi hissələrə təhvil verildiyini bildirib.
Yayımlanan fotolardan birində həqiqətən 250 ədəd döyüş maşınını saymaq olar ki, bu da təkcə bir partiya üçün deyil, bütövlükdə ölkə üçün böyük rəqəmdir. Və söhbət təkcə Şimali Koreyadan deyil, qitənin digər ölkələrindən də gedir. Məsələn, “The Military Balance”nin 2023-cü il məlumatına əsasən Rusiyada müxtəlif modifikasiyalı ballistik raketlər üçün cəmi 200 ədəd buraxma qurğusu olub. Onlardan “İskəndər” kompleksinin 150 ədəd maşını və “Toçka-U” kompleksinin 50 ədəd maşını var.
Kompleksin raketləri Rusiyanın 9M723 “İskəndər-M” operativ-taktiki raketinin yerli surəti olan “Hwasong-11Ga” (NATO təsnifatı üzrə KN-23) raketinin kiçildilmiş variantı hesab edilir. Bu raket haqqında dəqiq taktiki-texniki xassələr məlum deyil, lakin müxtəlif hesablamalara görə, onun uçuş məsafəsi təxminən 180 (bəzi mənbələrə görə 210) km ola bilər. Lakin istisna edilmir ki, döyüş hissəsinin azaldılması hesabına bu parametr xeyli böyük ola bilər.
Qeyd etmək lazımdır ki, “Hwasong-11Ga” ailəsinin köhnə raketi Rusiya hərbçiləri tərəfindən Xarkov vilayətinə zərbələr endirmək üçün istifadə edildiyi zaman artıq döyüşdə özünü doğruldub.
Qərb şirkətləri tərəfindən istehsal edilən mikroelektronikanın geniş tətbiqinə baxmayaraq, raketlərdə uçuş zamanı uğursuzluqların və imtinaların əhəmiyyətli faizi var idi ki, bu da trayektoriyadan ayrılmaya səbəb olmuşdur.
KCNA-nın verdiyi məlumata görə, Şimali Koreya Baş Raket İdarəsi cari ilin may ayının 17-də yeni naviqasiya özütuşlama sistemindən istifadə edərək taktiki ballistik raketi 300 km-ə qədər məsafədə sınaqdan keçirib. Lakin sınağın nəticələri məlum deyil. Ümumiyyətlə, “Hwasong-11D ƏTRK artırılmış raket sayı ilə Sovet istehsalı “Toçka-U” taktiki raket kompleksinin yaxşı təkmilləşdirilmiş versiyasıdır.
Agentliyin bildirməsinə görə isə, bu sınaq buraxılışı avtonom naviqasiya tuşlama sisteminin dəqiqliyini və etibarlılığını təsdiqləyib. Mühakimə edilə bildiyi qədər, tədbir zamanı “Hwasong-11D” raketinin dəyişdirilmiş versiyası sınaqdan keçirilib.
Əlavə etmək lazımdır ki, “Hwasong-11D” ƏTRK-nin döyüş sursatları daha kiçik ölçülüdür və uçuş məsafəsi “Hwasong-11Ga” ƏTRK-dən daha azdır, lakin daha ucuzdur və istifadəsi daha rahatdır.
Qeyd edək ki, Koreya yarımadası nisbətən kiçikdir, Cənubi Koreyanın paytaxtı Seul şəhəri isə ümumilikdə Şimali Koreya ilə sərhədə yaxın ərazidə yerləşir və hətta lüləli artilleriyadan da ora atəş açıla bilər. “Hwasong-11D” kompleksinin hər bir maşını ballistik raketlər üçün dörd nəqletmə-buraxma konteynerini daşıyır. Əslində, bu o deməkdir ki, orduya verilən buraxma qurğuları eyni vaxtda 1000 raketdən ibarət ümumi yaylım təmin edə bilər ki, bu da Cənubi Koreya paytaxtına böyük miqdarda ziyan vurmaq üçün kifayət edəcəkdir.
Eyni zamanda, sözügedən 250 ədəd buraxma qurğusu bir raket birləşməsində artıqlaması ilə 15 ədəd OTRK olmaqla 16 raket briqadasını təchiz etmək üçün kifayətdir.
Bundan başqa, bu qədər sayda ƏTRK-nin orduya verilməsi Şimali Koreya rəhbərliyinin bu prioritetləri etibarlılıqdan (buraxılış zamanı uğursuzluqların sayından) üstün tutaraq, kütləvi istehsal oluna bilən, daha ucuz və sadə döyüş sursatlarına arxalandığını göstərir.
Bu arada qeyd etmək yerinə düşər ki, xarici mənbələrin məlumatlarına əsasən Şimali Koreya ildə 1-2 briqada dəsti “Hwasong-11Ga” istehsal edir, lakin “Hwasong-11D” kompleksi daha böyük miqdarda istehsal oluna bilər.
Şübhəsiz ki, bütün bunlarla yanaşı, Şimali Koreyanın müdafiə sənayesi müəssisələrinin istehsal və tədqiqat fəaliyyətinin miqyası heyranedicidir. Şimali Koreya iqtisadiyyatının hərbiləşdirilməsi isə hazırda ən yüksək səviyyədədir.
Əhəd Vahidoğlu