“Siper” ZRS-nin Blok-3 versiyası hazırlanır

“Siper” ZRS-nin Blok-3 versiyası hazırlanır

Türkiyədə “Siper” zenit-raket sisteminin (ZRS) Blok-3 versiyası hazırlanır.

“Poliqon” xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə açıqlamasında ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol deyib.

ASELSAN-ın baş direktoru “Siper” Blok-1 ZRS-nin bu il Türkiyə Silahlı Qüvvələrinin inventarına girəcəyini xatırladıb: ““Siper” ilə uzun mənzil və yüksək hündürlüklü hava hücumundan müdafiə sistemini inventara qazandırmış olacağıq. Türkiyə ASELSAN, TÜBİTAK, “Roketsan” və minlərlə KOBİ-nin töhfələri ilə bu səviyyəyə çatıb. Dövlətimizin rəhbərliyi ilə 2024-cü ildə bütün hava hücumundan müdafiə qatlarını tamamlayacağıq. “Siper” Blok-2 və Blok-3 var. Hibrid hava hücumundan müdafiə dediyimiz GÜRZ sistemimiz var. Onda da mühüm mərhələləri keçmişik”.

A.Akyol bildirib ki, aşağı hündürlükdə “Hisar-A” və “Hisar-A+”, orta hündürlükdə isə “Hisar-O” və “Hisar-O+” hava hücumundan müdafiə (HHM) sistemləri Türkiyə Silhalı Qüvvələrinin inventarına daxil olub.

Onun sözlərinə görə, ASELSAN və “Roketsan” şirkətləri bəzi təkmilləşdirmələrlə bu sistemlərin mənzilini daha da uzatmaq üçün çalışır.

“Hava hücumundan müdafiə, arayıcı döyüş başlıqlarından və bu döyüş başlığının istehsalında istifadə olunan tozdan tutmuş, materiallarına qədər yerliləşdirdiyimiz bir sahədir. Günümüzdə Türkiyənin zaman-zaman üzləşdiyi ədalətsiz embarqolar bizi metal tozundan başlayaraq lokallaşmaya gətirib çıxarıb. Hava hücumundan müdafiə, arayıcı başlıqlardan rabitə sistemlərinə, radarlardan elektro-optik sistemlərə, komanda idarəetməsindən naviqasiyaya, dost-düşmən tanıma sistemlərindən atəşi idarəetmə alqoritmlərinə qədər bütün texnologiyaları vahid platformada birləşdirdiyimiz böyük bir sistemdir”, – deyə ASELSAN şirkətinin baş direktoru qeyd edib.

CATEGORIES
TAGS