Slovakiya hökuməti Ukraynaya “Zuzana” ÖAQ satışı ilə bağlı danışıqların aparıldığını təsdiqləyib

Slovakiya hökuməti Ukraynaya “Zuzana” ÖAQ satışı ilə bağlı danışıqların aparıldığını təsdiqləyib

Slovakiya hökuməti Bratislava və Kiyev arasında “Zuzana” özüyeriyən artilleriya qurğularının (ÖAQ) satışı ilə bağlı danışıqların aparılacağı barədə şayiələri təsdiqləyib.

“Poliqon” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu mövzuda mətbuatda dərc olunan materialların doğruluğunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad təsdiq edib. “Mən təsdiq edə bilərəm ki, biz danışıqlar aparırıq”, – deyə müdafiə naziri bildirib. O, başqa təfərrüatları açıqlamayıb.

Media öz mənbələrinə istinadən xəbər verir ki, hazırda 16 ədəd özüyeriyən haubitsanın alınması müzakirə olunur.

Qeyd edək ki, “Zuzana” – 152 mm-lik haubitsa əvəzinə 155 mm-lik haubitsa quraşdırmaqla DANA M2 ÖAQ-ın təkmilləşdirilmiş versiyasıdır. Haubitsa ERFB-BB tipli aktiv-reaktiv mərmi ilə 41 kilometr məsafədəki hədəfləri vura bilir və dəqiqədə 6 atəş və ya üç dəqiqədə 16 atəş açmaq imkanına malikdir.

Sistem uzun mənzil, yüksək dəqiqlik və atəş tezliyi, atəşə operativ hazırlıq və 8×8 təkər formullu təkmilləşdirilmiş “Tatra-815” şassisi ilə təmin edilən yüksək hərəkətlilik səviyyəsi kimi xüsusiyyətlərə malikdir. Silahın quruluşu bazarda mövcud olan istənilən NATO standartlı 155 mm-lik döyüş sursatından istifadə etməyə imkan verir.

ÖAQ üç versiyada hazırlanıb – 155 mm ShKH “Zuzana”, 155 mm ShKH “Zuzana 2” və 155 mm ShKH “Himalaya”:

– 155 mm ShKH “Zuzana” 1998-ci ildə Slovakiya Ordusu tərəfindən silahlanmaya qəbul edilmiş orijinal təkərli versiyadır.

– 155 mm ShKH “Zuzana 2” yeni 52 çap uzunluğunda haubitsa, tam 360 dərəcə dönən qüllə, yeni zirehli kabina və avtomatlaşdırma hesabına 3 nəfərlik azaldılmış heyətli yenilənmiş versiyadır. 2009-cu ilin dekabrında Slovak Ordusunun sınaqlarından keçib. Slovak Ordusu 25 ədəd ÖAQ sifariş edib və tədarükün 2021 və 2022-ci illərdə həyata keçiriləcəyi planlaşdırılıb. Yeni versiyanın bir neçə mərmi ilə təsir etmək (Multiple Rounds Simultaneous Impact – MRSI) qabiliyyətinə malik olduğu iddia edilir.

– 155 mm ShKH “Himalaya” 1990-cı illərin sonlarında xarici müştərinin tələbi ilə orijinal sistemin tırtıllı şassiyə uyğunlaşdırılmış versiyasıdır. Bu, mahiyyətcə T-72 şassisinə quraşdırılmış “Zuzana” ÖAQ qülləsidir. Tırtıllı versiya indiyə qədər ilkin qiymətləndirmə nümunələrindən başqa sifarişlərə nail olmayıb və sonradan istehsal edilməyib.

Açıq mənbələrin məlumatına əsasən, hazırda 155 mm ShKH “Zuzana” sistemləri Slovakiya (16 ədəd) və Kipr (12 ədəd) ordularında istifadə olunur.

Xatırladaq ki, ötən gün Slovakiya S-300PMU zenit raket sistemi və onun raketlərini Ukraynaya təhvil verib. Əvəzində isə ABŞ-ın “Patriot” kompleksini alıb (həmçinin bax: Slovakiya S-300PMU ZRS-i Ukraynaya təhvil verib)

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS