“Smiths Detection” Qatardan 100 milyon avroluq sifariş alıb
Qatar Yeni Doha Beynəlxalq Hava Limanı üçün təhlükəsizlik avadanlıqlarının aparıcı istehsalçılarından olan “Smiths Detection” şirkəti ilə 100 mln.avro dəyərində müqavilə bağlayıb. Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.
Müqavilə çərçivəsində “Smiths Detection” hava limanını təhlükəsizlik skanerləri ilə təchiz edəcək.
“Smiths Detection”un prezidenti Mal Maginnisin sözlərinə görə, alqı-satqı barədə qərar “Qatar Security Systems Co.” şirkəti ilə davamlı əməkdaşlıqdan sonra qəbul edilib.
Mövcud Doha hava limanının genişləndirilməsi 2013-cü ildə başa çatacaq. Hava limanı indikindən 12 dəfə geniş olacaq. Yeni hava limanını ildə 24 milyon sərnişin və 2 milyon ton yük qəbul edib yola sala biləcək.
Müqavilə çərçivəsində “Smiths Detection” Doha Hava Limanını HI-SCAN 10080 EDX-2is, HI-SCAN 130100T, HI-SCAN 7555aTix o cümlədən iLane Systems və 500DT nəzarət detektorları ilə təchiz edəcək. Artıq sifariş üzrə avadanlıqların çatdırılmasına başlanıb.