Son 10 gündə Qarabağda 3 erməni əsgəri öldürülüb – EKSKLÜZİV
Son 10 gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan Ordusunun hərbi hissələrində 3 əsgər ölümü baş verib. “AzeriDefence” saytının məlumatına görə, bu hadisələrdən 1-i yanvar ayının sonlarında, ikisi isə fevral ayı ərzində baş verib. Erməni əsgərlərindən ikisi öz əsgər yoldaşları tərəfindən, biri isə atəşkəs rejimini pozarkən Azərbaycan əsgərlərinin açdığı atəş nəticəsində öldürülüb.
Yanvarın 27-də Qarabağdakı hərbi hissələrdən birində Ermənistan Müdafiə Nazirliyinin əsgəri Paylak Şahnazaryan öz əsgər yoldaşı Xaçatur Sarkisyan tərəfindən qətlə yetirilib. Erməni saytlarının məlumatına görə, hadisəyə səbəb kimi X. Sarkisyanın yuxuda olarkən P. Şahnazaryanın üzünə diş məcunu yaxması göstərilir. Yuxudan ayılan sonuncunun öz əsgər yoldaşını təhqir etməsi nəticədə ölümə səbəb olub.
İkinci hadisə isə Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu ərazisində yerləşən hərbi hissəsində baş verib. Horadiz kəndi istiqamətində atəşkəsi pozan erməni bölmələrindən birinin əsgəri, Xankəndindən hərbi xidmətə çağrılmış 19 yaşlı Karlen Baqdasaryan Azərbaycan əsgərlərinin sərrast atəşi nəticəsində öldürülüb.
Qarabağdakı hərbi birləşmələrdə açıqlanan üçüncü ölüm halı isə fevralın 5-də baş verib. Xocavənd istiqamətində atəşkəs rejimini pozan ermənistan Ordusunun əsgəri, 20 yaşlı Marat Dimaksyan öz əsgər yoldaşının açdığı atəş nəticəsində öldürülüb.
Qeyd edək ki, bu faktlar Ermənistan KİV-lərində yer alan xəbərlərdir. Azərbaycan mənbələri isə son bir ay ərzində ermənilərin Qarabağdakı hərbi hissələrində əsgər itkilərinin (döyüş, və qeyri-döyüş) ən azı 9 nəfər olduğunu bildirirlər. Məlumat üçün bildirək ki, Ermənistan hakimiyyətinin təzyiqləri ilə əlaqədar olaraq bu ölkənin əksər KİV-ləri ordudakı ölüm hallarını maksimum səviyyədə gizlətməyə çalışırlar.
Ermənistan “Əsgər Anaları” Cəmiyyətinin yaydığı məlumatda isə bu ölkənin Silahlı Qüvvələrində, xüsusilə də Dağlıq Qarbağdakı hərbi birləşmələrində vəziyyətin bözülməz həddə olduğu bildirilib.