
Türkiyə Silahlı Qüvvələrinin atəş gücünün nümayiş etdirildiyi “Ateş Serbest-2026” təlimində STM şirkətinin hazırladığı taktiki pilotsuz uçuş aparatları (PUA) əməliyyat effektivliyini ortaya qoyub.
STM-dən “Poliqon”a bildirilib ki, Ankaranın Polatlı bölgəsində yerləşən General Nahit Şenoğul Atış və Təlim Mərkəzində keçirilən təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şirkətin tamamilə milli alqoritmlər əsasında hazırladığı sürü intellekt texnologiyası uğurla nümayiş olunub.
Təlim ssenarisinə uyğun olaraq düşmənin piyada bölmələri aşkar edildikdən sonra 20 ədəd KARGU kamikadze PUA-sından ibarət sürü bir operatorun nəzarəti altında avtonom şəkildə havaya qalxaraq hədəf bölgəsinə doğru uçub.
Paylanmış idarəetmə arxitekturası sayəsində bir-biri ilə real vaxt rejimində əlaqə saxlayan KARGU PUA-ları hədəflərin aşkarlanmasını, təsnifatını və məlumatların paylaşılmasını koordinasiyalı şəkildə həyata keçirib. Hədəf bölgəsində hər biri 10 PUA-dan ibarət iki qrupa ayrılan KARGU sürüsü eyni vaxtda hücum edərək daşıdığı canlı qüvvə əleyhinə döyüş başlıqları ilə müəyyən edilmiş hədəfləri dəqiq zərbələrlə məhv edib.
STM-nin milli mühəndislik imkanları əsasında hazırladığı sursat buraxan BOYGA PUA-sı da “Ateş Serbest-2026” təlimində uğurlu atış həyata keçirib. 2022-ci ildən Türkiyə Silahlı Qüvvələrinin inventarında olan BOYGA daşıdığı 81 mm-lik sursatı müəyyən edilmiş hədəfə ataraq dəqiq zərbə endirib. Bundan başqa, STM-nin FPV həlli olan “KarguFPV” kamikadze PUA-ları da təlimdə iştirak edib.
“Ateş Serbest-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində keçirilən sürü PUA əməliyyatını Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıran və yüksəkrütbəli hərbi nümayəndə heyətləri yerində izləyiblər.
2026-cı ilin may ayında keçirilən EFES-2026 təlimində dünya müdafiə tarixində bir ilkə imza atan STM şirkət 20 ədəd KARGU PUA-dan ibarət sürü ilə beynəlxalq hərbi təlim ssenarisi çərçivəsində real döyüş sursatlarından istifadə etməklə avtonom sürü hücumu həyata keçirib.
“Ateş Serbest-2026” təlimində də eyni imkanın uğurla nümayiş etdirilməsi STM-in sürü intellekti texnologiyaları sahəsində əldə etdiyi əməliyyat hazırlığını, eləcə də Türkiyənin avtonom müharibə sistemləri üzrə qabaqcıl mühəndislik imkanlarını bir daha ortaya qoyub.
STM şirkətinin baş direktoru Özgür Güleryüz “Ateş Serbest-2026” təlimində nümayiş etdirilən imkanların Türkiyə müdafiə sənayesinin avtonom sistemlər sahəsində çatdığı səviyyəni göstərdiyini bildirib.
“Türk mühəndisliyinin məhsulu olan milli texnologiyalarımızın döyüş meydanında nümayiş etdirdiyi yüksək performans bizim üçün böyük qürur mənbəyidir. STM olaraq qabaqcıl avtonom sistemlərimiz və sürü intellekti texnologiyalarımızla yalnız bu günün deyil, gələcəyin müharibə meydanına istiqamət verən həllər hazırlayırıq. EFES-2026 təlimində 20 KARGU ilə müdafiə sahəsinin tarixinə düşən bir uğura imza atmışdıq. “Ateş Serbest-2026” təlimində isə bu qabaqcıl avtonom sürü imkanımızı real döyüş sursatlarından istifadə etməklə bir daha nümayiş etdirdik.
Dünyada yalnız məhdud sayda ölkənin malik olduğu bu kritik texnologiyanı milli imkanlarımız hesabına inkişaf etdirmək və qəhrəman ordumuzun döyüş meydanındakı çəkindiriciliyini gücləndirmək bizim üçün ən böyük qürur mənbəyidir. Müdafiə Sənayesi Komitəmizin rəhbərliyi altında tam müstəqil müdafiə sənayesi hədəfimizə uyğun olaraq çalışmağa və oyun dəyişdirən sistemlərimizi ölkəmizə qazandırmağa davam edəcəyik”, – deyə Ö. Güleryüz vurğulayıb.
STM-in özünəməxsus alqoritmləri və proqram təminatı sayəsində şirkətin sürü sisteminə daxil olan taktiki PUA-lar real vaxt rejimində bir-biri ilə əlaqə saxlaya, hədəfləri aşkarlaya, onlar barədə məlumatları paylaşa və hədəfləri prioritetləşdirərək koordinasiyalı hücum həyata keçirə bilir.
STM-in sürü intellekti arxitekturası mərkəzləşdirilmiş idarəetmə qurğusundan asılı olmadan hər bir PUA-ya tapşırıqlar üzrə qərarları müstəqil qəbul etmək imkanı verir. Bu paylanmış idarəetmə arxitekturası sistemin bir hissəsi sıradan çıxsa belə sürünün tapşırığı yerinə yetirməyə davam etməsinə şərait yaradır və əməliyyatın uğur ehtimalını artırır.
Sürü sistemləri doyurma hücumu konsepsiyası çərçivəsində çoxsaylı PUA-ların eyni vaxtda koordinasiyalı şəkildə hədəf bölgəsinə yönəlməsini təmin edir. Bu yanaşma düşmənin müdafiə sistemlərinin həddən artıq yüklənməsinə və sıradan çıxarılmasına yönəlib.
STM-in alqoritmləri sayəsində sürüdəki PUA-lar daşıdıqları sursatın növünə uyğun hədəflərə qarşı fəaliyyət göstərir. Məsələn, insan və nəqliyyat vasitəsi hədəflərini bir-birindən ayıran, şəxsi heyətə qarşı və ya zirehdələn sursat daşıyan PUA-lar hədəfin növünə uyğun avtonom hücum həyata keçirə bilir.
Hazırlanan sistemlərə real vaxt rejimində yeni PUA-lar əlavə etmək və ya onları sürüdən çıxarmaq, tapşırıqları yeniləmək, eləcə də sürünü tapşırıq bölgəsində bir neçə qrupa ayıraraq fərqli vəzifələri yerinə yetirmək mümkündür.
STM sürü PUA sahəsindəki imkanlarını 2026-cı ilin yanvarında Ankaranın Polatlı bölgəsində keçirilən sınaq zamanı da nümayiş etdirib. Tamamilə milli alqoritmlər əsasında işləyən 20 KARGU-dan ibarət sürü bir operatorun nəzarəti altında avtonom şəkildə hərəkət edərək real döyüş sursatları ilə hədəfləri dəqiq vurub.
Sürü sisteminin əsas xüsusiyyətləri:
- Sürü intellekti alqoritmləri;
- Doyurma hücumu konsepsiyası;
- Paylanmış idarəetmə arxitekturası;
- PUA-lar arasında rabitə infrastrukturu;
- Avtonom düzülüşün yaradılması və qorunması;
- Toqquşmaların qarşısının alınması sistemi;
- Hədəflərin real vaxt rejimində aşkarlanması və təsnifatı;
- Sürü daxilində tapşırıqların bölüşdürülməsi;
- Hədəflərin prioritetləşdirilməsi və tapşırıqların təyin edilməsi;
- CRPA dəstəkli, radioelektron maneələrə davamlı naviqasiya;
- KERKES inteqrasiyası sayəsində peyk naviqasiya sistemlərindən (GNSS) asılı olmayan naviqasiya;
- Sürünün bölünməsi və birləşməsi;
- PUA-ların real vaxt rejimində sürüyə qoşulması və sürüdən ayrılması.
İctimaiyyət arasında “kamikadze PUA” kimi də tanınan KARGU zərbə PUA-sı STM tərəfindən yerli və milli imkanlarla hazırlanıb. 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən KARGU Türkiyənin müxtəlif təhlükəsizlik qüvvələri tərəfindən, ilk növbədə, terrorla mübarizə, xüsusi əməliyyatlar və sərhədyanı əməliyyatlar zamanı fəal şəkildə istifadə olunur.
Müxtəlif coğrafi və relyef şəraitində özünü doğruldan KARGU indiyədək dörd fərqli qitədə yerləşən 15 ölkəyə ixrac edilib. İstifadəçi heyəti əməliyyat şəraitindən asılı olaraq KARGU-nun döyüş başlığını şəxsi heyətə qarşı və ya zirehdələn başlıqla qısa müddətdə əvəz edə bilir.
Kiçik radar izinə malik olması KARGU-nun düşmən ərazisində aşkarlanmasını çətinləşdirir. Bir hərbçi tərəfindən asanlıqla daşına bilən PUA əməliyyat bölgəsində bir dəqiqə ərzində istifadəyə hazır vəziyyətə gətirilə bilir.
Süni intellekt və təsvirlərin emalı imkanları, səssizliyi və daşıdığı partlayıcı yükü hədəfə dəqiq çatdırmaq qabiliyyəti KARGU-ya gözlənilməz zərbə endirmək və əməliyyat üstünlüyü əldə etmək imkanı verir. Qabaqcıl elektro-optik və infraqırmızı kameralarla təchiz edilən KARGU gecə və gündüz əməliyyatlar apara bilir.
30 dəqiqədən çox havada qala bilən KARGU-nun uçuş məsafəsi 10 kilometrdir. PUA-lar sürü şəklində də fəaliyyət göstərə bilir. Bundan əlavə, STM-in hazırladığı proqram təminatı sayəsində KARGU radioelektron müharibə şəraitində müdaxilələrə qarşı dayanıqlılıq nümayiş etdirərək GNSS-dən asılı olmadan tapşırıqları yerinə yetirə bilir.
STM KARGU-ya RF axtarıcı başlıq inteqrasiya etməklə düşmən radarlarının və radiotezlik şüalandıran sistemlərin aşkarlanması və hədəfə alınması imkanlarını da əlavə edib. JINN radioelektron mübarizə konteynerinin inteqrasiyası isə PUA-ya düşmən radarlarını radioelektron maneələrlə basdırmaq, hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini zəiflətmək və dost qüvvələr üçün təhlükəsiz əməliyyat dəhlizi yaratmaq imkanı verir.
STM-in taktiki PUA ailəsinə daxil olan BOYGA üzərində daşıdığı xüsusi hazırlanmış 81 mm-lik minaatan sursatını təkmilləşdirilmiş ballistik hesablama alqoritmi vasitəsilə hədəfin üzərinə dəqiq şəkildə atır.
Terrorla mübarizə və asimmetrik müharibə şəraitində istifadə üçün nəzərdə tutulan BOYGA minaatan sursatı ilə 30 dəqiqə havada qala bilir. Platforma 3000 metr uçuş hündürlüyünə çata, 10 kilometr məsafədə tapşırıqları yerinə yetirə bilir. Çəkisi 17 kiloqram olan PUA bir hərbçi tərəfindən daşına bilir.
Sursat sisteminin inteqrasiyası MKE şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. 2022-ci ildən Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən uğurla istifadə olunan BOYGA 2024-cü ildə bir ölkəyə ixrac edilib.











