STM-in KARGU və ALPAGU PUA-ları Avropada ilk ixrac uğurunu qazanıb

STM-in KARGU və ALPAGU PUA-ları Avropada ilk ixrac uğurunu qazanıb

Türkiyənin STM şirkəti tərəfindən istehsal olunan KARGU və ALPAGU pilotsuz uçuş aparatlarının (PUA) Avropa qitəsinə ilk ixracı ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) və NATO üzvü olan adı açıqlanmayan ölkə ilə şirkət arasında imzalanan müqavilə çərçivəsində KARGU və ALPAGU PUA-larının yerli istifadəçi tələblərinə və əməliyyat doktrinasına uyğun şəkildə zirehli quru nəqliyyat vasitələrinə inteqrasiyası planlaşdırılır.

Bu prosesdə STM yalnız platformaların təhvil verilməsi ilə kifayətlənməyəcək, eyni zamanda döyüş idarəetmə sistemi proqram təminatının inteqrasiyasını da müvafiq ölkənin mövcud sistemləri və əməliyyat konsepsiyaları ilə uyğun şəkildə həyata keçirəcək.

STM-in baş direktoru Özgür Güleryüz müasir döyüş meydanı üçün milli sistemlər hazırladıqlarını bildirərək söyləyib: “Taktiki PUA ailəmiz təhlükəsizlik qüvvələrimizin sahədə imkanlarını gücləndirməklə yanaşı, real əməliyyatlarda özünü uğurla sübut etdiyi üçün dost və qardaş ölkələr tərəfindən də seçilir. STM olaraq, avtonom sistemlər sahəsindəki mühəndislik və proqram təminatı bacarıqlarımızı Avropa bazarına daşıyan daha bir mühüm layihəyə imza atdıq. KARGU və ALPAGU-nun NATO və Aİ üzvü olan bir ölkəyə ixracı mühəndislik potensialımızın və sistemlərimizin beynəlxalq səviyyədə qazandığı etimadın konkret göstəricisidir. Bu günə qədər PUA sistemlərimizi dörd fərqli qitədə, 15 ölkədə istifadəçilərlə bir araya gətirmiş olmaqdan böyük məmnunluq duyuruq”.

Baş direktor bu inkişafın STM-in avtonom sistemlər sahəsində Avropaya ilk ixracı olmasından daha artıq məna daşıdığını vurğulayıb.

“KARGU və ALPAGU-nun zirehli quru vasitələrinə inteqrasiyası bizim proqram təminatı bacarıqlarımızı da açıq şəkildə ortaya qoyur. Bu baxımdan layihəmiz yalnız platforma ixracı ilə məhdudlaşmayan, yüksək əlavə dəyərə malik inteqrasiya və proqram təminatı ixracı xarakteri daşıyır. Layihə təkcə sistemlərin təhvil verilməsini deyil, həm də müvafiq ölkənin mövcud platformaları və əməliyyat doktrinaları ilə uyğun şəkildə birgə icra olunan inteqrasiya fəaliyyətlərini əhatə edir. Eyni zamanda, bu əməkdaşlığın STM-in avtonom sistemlərinin Avropa ölkələrində gələcək əməliyyat yerləşdirilmələri və daha geniş miqyaslı istifadəsi baxımından mühüm istinad nöqtəsi olacağını gözləyirik. Layihə uğurla başa çatdıqdan sonra həmin ölkədə daha çox sayda quru nəqliyyat vasitəsinə STM-in avtonom məhsul ailəsinin inteqrasiyasını hədəfləyirik”, – deyə Ö.Güleryüz qeyd edib.

İctimaiyyətdə “kamikadze PUA” kimi tanınan KARGU, STM tərəfindən yerli və milli imkanlarla hazırlanıb. 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən KARGU, Türkiyə Silahlı Qüvvələri başda olmaqla ölkənin müxtəlif təhlükəsizlik qurumları tərəfindən terrorla mübarizə, xüsusi əməliyyatlar və transsərhəd əməliyyatlarda effektiv şəkildə istifadə olunur.

İstifadəçi heyət sahədəki ani vəziyyətə uyğun olaraq KARGU üzərindəki piyadə əleyhinə döyüş başlığını çıxarıb, onu sürətlə zireh dələn döyüş başlığı ilə əvəz edə bilir. Aşağı radar izi sahəsinə malik olması sayəsində düşmən ərazisində aşkarlanması çətin olan KARGU, tək bir əsgər tərəfindən asanlıqla daşına bilir və tapşırıq zonasına çatdıqdan sonra 1 dəqiqə ərzində istifadəyə hazır vəziyyətə gətirilir.

KARGU üzərindəki süni intellekt və görüntü emalı qabiliyyətləri, səssiz fəaliyyəti və daşıdığı partlayıcını hədəfə dəqiq çatdırma imkanları sayəsində yüksək sürpriz effekti və əməliyyat üstünlüyü təmin edir. İnkişaf etmiş elektro-optik və infraqırmızı kameraları vasitəsilə KARGU, gecə və gündüz effektiv əməliyyatlar apara bilir. 30 dəqiqədən artıq havada qalma müddətinə və 10 km əməliyyat məsafəsinə malik olan KARGU-lar sürü halında da tapşırıqlar icra edə bilir. Bundan əlavə, STM tərəfindən hazırlanmış proqram təminatı sayəsində KARGU elektron müharibə mühitindən təsirlənmədən, GNSS-dən asılı olmadan fəaliyyət göstərə bilir.

ALPAGU isə yüngül konstruksiyası, dalış sürəti, aşağı radar izi sahəsi və yüksək sürəti ilə mühüm hədəflərə nöqtə zərbə endirmə qabiliyyəti ilə seçilir. Terrorla mübarizə əməliyyatlarında, transsərhəd əməliyyatlarda və yaşayış məntəqələrindəki döyüşlərdə aktiv şəkildə istifadə edilə bilən ALPAGU, 8 km uçuş məsafəsinə malikdir.

Elektro-optik və infraqırmızı kameralar sayəsində ALPAGU gecə və gündüz effektiv tapşırıqlar icra edə bilir. Lançerdən buraxıldıqdan sonra təxminən 15 dəqiqə uçuş həyata keçirən ALPAGU, süni intellekt dəstəkli müasir görüntü emalı proqram təminatı vasitəsilə hədəf izləməni uğurla həyata keçirir. Kiçik ölçüsü və aşağı radar izi sahəsi sayəsində son ana qədər hədəf tərəfindən aşkarlanmayan ALPAGU, üzərindəki döyüş başlığı ilə hədəfini yüksək dəqiqliklə məhv edir.

Tək bir heyət üzvü tərəfindən asanlıqla daşına və 1 dəqiqə ərzində istifadəyə hazır vəziyyətə gətirilə bilən bu sistem, süni intellekt və görüntü emalı qabiliyyətləri, səssiz fəaliyyəti və partlayıcını dəqiq hədəfə çatdırma imkanları ilə mühüm güc və əməliyyat üstünlüyü yaradır. ALPAGU, üstün imkanları ilə yanaşı, quru, dəniz və hava platformalarına inteqrasiya oluna bilməsi ilə də analoqlarından fərqlənir. Çəkisi 2 kiloqramdan az olan ALPAGU-ya bənzər dünyada cəmi iki platforma mövcuddur.

KARGU və ALPAGU PUA-ları hədəflərin aşkarlanması və məhv edilməsini “man-in-the-loop” prinsipi ilə tam şəkildə operator nəzarəti altında həyata keçirir.

1763474052 stm alpagu

CATEGORIES
TAGS